"Ölmüş oğlumdan şikayətçiyəm, məni..." - Məktəbdə qətliam törətmiş Arasın atası
Kahramanmaraşda qətliam törədən VIII sinif şagirdi İsa Aras Mersinlinin cinayət işi ilə bağlı məhkəmədə ilk dinləmə başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, mərhum İ.A. Mersinlinin atası Uğur Mersinli və anası Pınar Peyman Mersinli bu gün hakim qarşısına çıxarılıb.
Türkiyənin maraqla izlədiyi məhkəmə prosesində ata Uğur Mersinlinin verdiyi ifadə gündəm olub.
O, məsuliyyəti boynundan atmağa çalışıb:
“Silahları Aras özü tapıb. Uşağın silahları tapması valideynin günahı kimi göstərilməməlidir. Onları məndən xəbərsiz götürüb. Arasın davranışına əsasən mənim belə bir niyyətimin olduğu nəticəsi çıxarıla bilməz. Arasın məktəbdə qətliam törədəcəyini kim bilə bilərdi? Mən bu davranışı sezə bilməzdim, çünki belə bir təhsilim yoxdur. Hadisənin bütün məsuliyyətinin mənim üzərimə yüklənməsi düzgün deyil. Çünki silahlar oğurlanıb. Yataq otaqları evdə qapısı kilidlənən yerlərdir. Silahlar axtarış zamanı aşkar edilməyib. Onlar barədə məlumatı polisə mən vermişəm. Yataq otağındakı qarderobda yerləşən əşyalar mənə məxsusdur”.
Fotoda İsa Aras Mersinli və atası Uğur Mersinli
Uğur Mersinli məktəb hücumunda bütün məsuliyyətin oğluna aid olduğunu qeyd edib. Hazırlanan ittiham aktına etiraz edərək oğlundan şikayətçi olduğunu bildirib:
“Təqsirkar İsa Aras Mersinlidir və onun barəsində dövlət ittihamı qaydasında cinayət işi açılmayıb. İttiham tərəfi ana və atanı təqsirləndirmək üçün ictimaiyyətin təzyiqi ilə hər şeyi qarışıq şəkildə əhatə edən ittiham aktı hazırlayıb. Mən oğlumu oğurluqda ittiham edirəm və ondan şikayətçiyəm”.
Uğur Mersinli oğlunu poliqona aparması və ona atış təlimi verməsi ilə bağlı sualları belə cavablandırıb:
“İsa Aras Mersinlinin məktəbə hücum edəcəyini əvvəlcədən görən və təxmin edən dövlət qulluqçularının bu məlumatları ailə ilə niyə paylaşmadığını öyrənmək istəyirəm. Ədalət bir şeyi öz yerinə qoymaq deməkdir. İsa Aras Mersinli manifestini əvvəlcədən hazırlayıbmış... Mən isə Arası atış poliqonuna bunu məndən istədiyi üçün, oğlumu sevdiyim üçün aparmışdım. Məni aldadıbmış...”
Qeyd edək ki, ata Uğur Mersinli barəsində “ehtimal olunan qəsdlə adam öldürmə” ittihamı üzrə 10 dəfə ömürlük, “ehtimal olunan qəsdlə xəsarət yetirmə” ittihamı üzrə 30 ilədək, ana Peyman Pınar Mersinli barəsində isə “şüurlu ehtiyatsızlıqla bir neçə şəxsin ölümünə və xəsarət almasına səbəb olmaq” ittihamı üzrə 22 il 6 ayadək (Türkiyə qanunvericiliyinə əsasən) həbs cəzası tələb olunur.
Xatırladaq ki, aprelin 15-də Türkiyədə VIII sinif şagirdi İsa Aras Mersinli oxuduğu Ayser Çalık adına orta məktəbdə silahlı insident törədib. Nəticədə, 9-u şagird, biri müəllim olmaqla 10 nəfər həyatını itirib, 19 nəfər yaralanıb. İsa Aras valideynlərdən birinin ayağına endirdiyi bıçaq zərbəsindən sonra qanaxmadan ölüb. Hadisə ilə bağlı İsa Aras Mersinlinin atası, polis məmuru Uğur Mersinli və anası Pınar Peyman Mersinli həbs edilib.
Banu