Ölüm ayağında olan Roma Papasını kim əvəzləyəcək - 10 namizəd var

Roma Papası Fransiskin səhhətinin pisləşməsi ilə katolik kilsəsi dairələrində və beynəlxalq mediada onun ölümü və ya səhhətinə görə taxtdan əl çəkməsi halında kimin bu posta iddia edə biləcəyi ilə bağlı müzakirələr intensivləşib.

Feb 25, 2025 - 14:30
Ölüm ayağında olan Roma Papasını kim əvəzləyəcək - 10 namizəd var

Artıq Papanın yerinə 10 namizəd var. Həmin namizədlər kimlərdir?

Birinci yerdə, təbii ki, kardinal Pietro Parolindir. Milliyyətcə italyan olan Pietro Müqəddəs Taxt-Tacın dövlət katibidir. O, Venesuelada papa leqatı idi. Kardinal sülh danışıqlarının və dialoqun tərəfdarıdır. O, Rusiya və Ukrayna arasında dinc dialoqun zəruriliyini fəal şəkildə müdafiə edib. Kardinal Parolin "çox yaxşı məlumatlı və son dərəcə ehtiyatlı səmimiyyət nümayiş etdirən" bir insan kimi təsvir edilir. Onu İtaliyanın baş naziri Corciya Meloni dəstəkləyir. Parolin özünü nə mühafizəkarlar, nə də liberal klerikal fraksiyalarla eyniləşdirir. Siyasi baxımdan onun nə sağçı, nə də solçu baxışları var. Yeganə çatışmazlıq onun pastorluq təcrübəsinin olmamasıdır.

Növbəti yerdə kardinal Luis Antonia Taql gəlir. O, əsasən gənclər və missionerlik işlərinə diqqət yetirən, yaxşı pastoral təcrübəyə malik bir din xadimi kimi tanınır. Kardinal Taql alim rahib hesab olunur. Daha liberaldır. Ekklesiologiya və tarixşünaslığın "Bolonya məktəbi"nin nüfuzlu nümayəndəsidir. “İkinci Vatikan Şurası” ensiklopediyasının müəlliflərindən biridir. İndiki papalıq taxtında o, müxalifət kardinalı hesab olunur.

Növbəti yerdə kardinal Matteo Zuppi qərarlaşıb. Bolonya arxiyepiskopudur. 2022-ci ildən İtaliya Yepiskop Konfransının prezidentidir. Sülh danışıqlarında fəal iştirak edir. Əvvəllər Müqəddəs Edigius Cəmiyyəti ilə əlaqəli idi. Kardinal Zuppi sol mərkəzçi, orta liberal və ekumenik kimi təsvir edilir. O, Rusiya-Ukrayna münaqişəsinin həlli prosesində Papa Fransiskin nümayəndəsidir.

Kardinal Mark Velette növbəti namizəddir. Bu yüksək rütbəli kanadalı din xadimi uzun illər Yepiskoplar üçün Dikasteriyaya rəhbərlik edib. O, sonuncu Konklavda Papalığın əsas namizədlərindən biri idi. Uzun müddət onun məsuliyyəti dünyanın bütün katolik icmalarına yepiskoplar təyin etmək idi. O, təcrübəli idarəçi və ilahiyyatçı kimi böyük təsirə malikdir.

Növbəti namizəd kardinal Peter Turkson Afrikanı təmsil edir. Qanalı bu yüksək rütbəli din xadimi uzun müddətdir ki, Ədalət və Sülh üçün Papa Şurasına rəhbərlik edir. O, Afrika qitəsini təmsil edən ən nüfuzlu din xadimidir.

Kardinal Raymond Burke aparıcı mühafizəkar və hazırkı ABŞ prezidenti Donald Trampın tərəfdarıdır. O, İkinci Vatikan Şurasının tənqidçilərindən biridir. O, latın və latındilli məclisin tərəfdarıdır. Burke indiki Papa Fransiski liberalizminə görə tənqid edir. O, parlaq ziyalı, kanon və ya kilsə hüququ üzrə əla mütəxəssisdir. Onunla Papa Fransisk arasında münaqişə çox kəskin olub. 2023-cü ildə Roma Papası onu təqaüddən, tibbi sığorta və müavinətlərdən məhrum etdi, kilsə və papalıq əleyhinə işlədiyini əsas gətirərək onu Vatikandakı mənzilindən çıxarmağa cəhd etdi. 2014-cü ildən o, aktiv pastoral və ictimai fəaliyyətini davam etdirərək, Maltanın Suveren Hərbi Ordeninin tərəfdaşı olub.

Sırada Afrika qitəsini təmsil edən daha bir yüksək səviyyəli din xadimi var. Konqo Demokratik Respublikasından olan kardinal Fridolin Ambonqo Besunqa. O, Konqoda təkcə dini deyil, həm də siyasi liderdir. Konqo Demokratik Respublikasının yerli hökumətini açıq şəkildə tənqid edir.

Daha bir namizəd kardinal Pier-Battista Pizzaballa Fələstin-İsrail münaqişəsində vasitəçi kimi uğurla çıxış edib.

Kardinal Sin Patrik O'Malley ABŞ-ı təmsil edir və Boston arxiyepiskopudur. O, kapuçin rahibidir. O, islahatçı kimi tanınır. O, xüsusilə Katolik Kilsəsində cinsi istismara qarşı mübarizəsi ilə tanınır. O, Papa yanında məşvərət şurasının üzvüdür.

Və nəhayət, sonuncu, mümkün namizəd yenə ABŞ-ı təmsil edir. Kardinal Blez Cozef Supiç Çikaqo arxiyepiskopudur. O, Amerika katolik yepiskoplarının mötədil liberal fraksiyasının nümayəndəsidir. O, Papa Fransiskin pastoral və sosial ədalət məsələlərində təşəbbüslərinin tərəfdarıdır. Aktiv dinlərarası dialoqu dəstəkləyir. (publika)