Orban məhkəmənin qərarını rədd etdi – “Netanyahunu Macarıstana dəvət edəcəyəm”
Budapeşt Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu haqqında verdiyi həbs qərarına əməl etməyəcək.
SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban dövlət radiosuna müsahibəsində bildirib.
Macarıstan hökumətinin başçısı israilli həmkarının həbsinə dair orderi “səhv” adlandırıb. “Beynəlxalq institutlar qərar qəbul edərkən ağıl nümayiş etdirmirlər”, - deyə o, vurğulayıb.
Onun sözlərinə görə, BCM-nin qərarı ədəbsizlikdir, çünki siyasi məqsədlərlə cari münaqişəyə müdaxilə edir. “Başqa seçimimiz yoxdur, biz bu qərara qarşı çıxmalıyıq”, - deyə Orban vurğulayıb.
Baş nazir deyib ki, Netanyahunu Macarıstana dəvət edəcək. O, əmin edib ki, ICC-nin həbs orderi Macarıstanda yerinə yetirilməyəcək.
Orban əlavə edib ki, İsrail lideri Macarıstanda kifayət qədər təhlükəsizlik şəraitində danışıqlar apara biləcək.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Jozep Borrell bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin yüksək səviyyəli israilli məmurlarının həbsinə dair orderləri Aİ ölkələri üşün məcburidir.
ABŞ bu qərarı prinsipcə rədd etdiyini bildirib.
Xatirə SADİQ