Paltardan yağ ləkələrini belə təmizləyin – Asan üsullar
Yağ ləkələri paltardan ən çətin gedən ləkələrdəndir. Yağ ləkəsi quruyubsa, onu təmizləmək daha çətin olur.
SAVASHMEDİA.az həm qurumuş, həm də yeni yağ ləkələrini paltardan təmizləmək üçün effektli üsulları təqdim edir.
Yeni yağ ləkələri üçün
Soda, qarğıdalı nişastası, uşaq pudrası (prisipka) - Ləkənin üstünə bu vasitələrdən birini səpin. Onlar yağı özünə çəkir və ləkənin parçaya çökməsinə icazə vermir. 30 dəqiqə saxladıqdan sonra səpdiyiniz tozu təmizləyin və maye qabyuyan vasitə ilə ləkəni ovun.Ləkənin paltardan tam olaraq çıxdığını görəcəksiniz. Sonra adi qaydada paltaryuyanda yuya bilərsiniz.
Qurumuş yağ ləkələri üçün
Limon suyu və ağ sirkə - Qurumuş ləkənin üstünə bu vasitələrdən birini tökün.Bir müddət gözləyin. Sonra ləkəni fırça ilə yüngülcə fırçalayın. Daha sonra sabunlu su ilə yuyun və durulayın.
Limon suyu və qabyuyan maye - Ləkənin üstünə bir limonun suyunu sıxaraq bir saat gözləyin. Sonra qabyuyan maye töküb ovuşdurun.
Həm qurumuş, həm də yeni yağ ləkələri üçün
Maye qabyuyan vasitə - Ləkənin üstünə tökün. Paltarı ilıq suya salın və ovmağa başlayın. Ləkənin getdiyini görəcəksiniz. Sonra adi qaydada yuyun.
Soda və ağ sirkə qarışımı – Bir çay qaşığı sodanı yarım stəkan ağ sirkə ilə qarışdırın. Ləkənin üstünə töküb gözləyin. Ləkə getdikdən sonra durulayıb adi qaydada yuyun. Bu üsul pambıq parçadan hazırlanmış paltarlar üçün daha uyğundur.
Paltar sabunu (72%-li) - Ləkə olan yeri isladıb paltar sabunu ilə yaxşıca köpükləndirin, yüngülcə ovuşdurub 1 saat gözləyin. Ləkənin getdiyini görəcəksiniz. Sonra adi qaydada yuyun.
Yağ ləkələri, xüsusilə də qurumuş yağ ləkələri çətin təmizləndiyi üçün səbirli olmağınız məsləhətdir. İlk dəfədən tam nəticə əldə edə bilməsəniz, prosesi bir neçə dəfə təkrarlayın.
Banu