Panama amerikalı prezidentdən BMT-yə şikayət etdi
Panama hökuməti ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində çıxışı zamanı söylədiyi açıqlamalarla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) xəbərdarlıq edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters”ə istinadən “Amerikanın səsi” yazıb.
BMT-nin baş katibi Antonio Quterreşə ünvanlanan məktub Təhlükəsizlik Şurasının (TŞ) 15 üzvünə paylanıb. Panama 2025 – 2026-cı illər üçün TŞ-nin qeyri-daimi üzvüdür.
Panamanın BMT-dəki səfiri Eloy Alfaro de Alba nəzərə çatdırıb ki, BMT-nin təsis Nizamnaməsinə uyğun olaraq, ölkələr “öz beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı təhdiddən və güc tətbiqindən çəkinməlidir.
Səfir bildirib ki, Panama prezidenti Xose Raul Mulinonun amerikalı həmkarına etirazını və dialoq təklifini bölüşür. “Dialoq həmişə qeyd olunan məqamları bizim mülkiyyətimizə, tam suverenliyimizə və kanalımızın sahibliyinə xələl gətirmədən aydınlaşdırmaq üçün bir yoldur”, - deyə Mulino Trampa cavabında bildirib.
Xatırladaq ki, Tramp andiçmə mərasimində çıxışı zamanı bəyan edib ki, ölkəsi Panama kanalını geri qaytaracaq. O, hətta Panamanı 1999-cu ildə strateji su yolunu təhvil alarkən verdiyi vədləri pozmaqda və onun istismarını Çinə verməkdə günahlandırıb.
“Biz onu Çinə verməmişik. Biz onu Panamaya verdik və geri alırıq”, deyə Tramp and içdikdən bir neçə dəqiqə sonra deyib.
Panama hökuməti bu iddiaları rədd edib.
Xatırladaq ki, ABŞ kanalın əhəmiyyətli hissəsini tikib və onilliklər ərzində keçidin ətrafındakı ərazini idarə edib. 1977-ci ildə ABŞ və Panama kanalın tam Panama nəzarətinə qayıtmasına yol açan bir sıra sazişlər imzalayıb. 1999-cu ildə isə ABŞ ortaq idarəçilikdən bir müddət sonra onu Panamaya təhvil verib.
Xatirə SADİQ