"Putin danışıqlarda Trampı ələ salırdı, məsələn, bir dəfə... " - Trampın keçmiş köməkçisi 

“ABŞ prezidenti həmsöhbətlərini o qədər də dinləmir, söhbətin ab-havasını tutmağa çalışır”. 

Mar 17, 2025 - 15:09
"Putin danışıqlarda Trampı ələ salırdı, məsələn, bir dəfə... " - Trampın keçmiş köməkçisi 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Donald Trampın birinci prezidentliyi dövründə onun Avropa və Rusiya məsələləri üzrə xüsusi köməkçisi olmuş Fiona Hill “Foreign Affairs”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu səbəbdən amerikalı prezident Putinin sancmalarını qaçırırdı. 

“Putinlə ilk telefon danışıqlarında olanda rusları diqqətlə dinlədim. Çünki tərcüməçilər heç də həmişə hər şeyi tuta bilmirlər, nüansları qaçırırlar. Xüsusən də rus tərcüməçisi öz ana dili olmayan dilə tərcümə edəndə. Tramp o zaman dedi ki, nə yaxşı söhbət oldu, amma mən elə düşünmürdüm. Putinin sözlərində təhdid vardı – o, sözlərini diqqətlə seçirdi. Onlar ünsiyyətdə olduqda, Putin əslində onu ələ salır, sadəcə, bu, tərcümədə tamamilə itirilirdi. Mən onun Trampı ələ salması və ya nəyəsə çağırış etməsi və sonra onun necə reaksiya verdiyinə dair çoxlu misallar çəkə bilərəm. Tərcümə isə hər şeyi hamarlayır, bu kontekst tamamilə yoxa çıxır”, - deyə Hill danışıb. 

Keçmiş köməkçi buna nümunə kimi Osakada keçirilən G-20 sammitini xatırladıb. Tramp və Putin ilk kimin hipersəs raketlərini əldə edəcəyini müzakirə ediblər. Tramp deyib ki, bunu birinci edəcək, Putin isə istehza ilə “hə, sən onları alacaqsan” deyib. Tərcümə Putinin təhdidini ötürməyib. 

Söhbətin başqa yerində Tramp İsrail üçün çox işlər gördüyü ilə lovğalanmağa başlayanda, Putin ABŞ prezidentinə sataşaraq, İsrailin adının onun şərəfinə dəyişdirilməsini təklif edib. Tramp isə bildirib ki, bu, həddindən artıq olar və Kreml rəhbərinin onu ələ saldığının fərqinə varmayıb. 

Xatirə SADİQ