Putindən miqrantlara şərt: Ya müharibəyə get, ya da evə + Azərbaycanlıları nə gözləyir?
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin bütün qeyri-qanuni miqrantların 2025-ci il aprelin 30-dək Rusiya Federasiyasından çıxarılması ilə bağlı fərman imzalayıb.
Prezidentin sərəncamında qeyd olunub ki, bu tarixə qədər miqrantlar ya hüquqi statuslarını qanuniləşdirməli, ya da ölkəni tərk etməlidirlər.
SAVASHMEDİA.az-ın xəbərinə görə, aprelin 30-dan sonra onlara hüquqi status almaq üçün müraciət etmək qadağan olunacaq.
Fərmana əsasən, miqrantlar Rusiyada olmalarını leqallaşdırmaq üçün bir sıra tələbləri yerinə yetirməlidirlər, o cümlədən rus dilindən imtahan verməli və qanun pozuntularının olmadığını təsdiq etməlidirlər. Əks halda onlara qanunla nəzərdə tutulmuş bütün tədbirlər, o cümlədən deportasiya tətbiq olunacaq.
Bundan başqa, deportasiya təkcə miqrantların vətəndaşı olduğu ölkələrinə deyil, həm də onların Rusiyaya tranzit kimi daxil olduqları dövlətlərə də şamil ediləcək.
Putinin fərmanında nə deyilir?
Amma qanunsuz miqrant Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa və Ukraynaya qarşı müharibədə iştirak etməyə razı olarsa, o zaman deportasiya ona şamil edilməyəcək.
Xatırladaq ki, 2024-cü ilin martında Moskvanın “Crocus City Hall” konsert zalında tacik İŞİD terrorçuları tərəfindən törədilən terror aktından sonra Rusiya hakimiyyəti miqrasiya qanunvericiliyini sərtləşdirmək üçün görünməmiş tədbirlər görüb, onlarla qanun və mövcud qaydalara dəyişiklik edib.
Xüsusilə, rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbulu qadağan edilib. Miqrantların ictimai iaşə, nəqliyyat və digər sahələrdə işləmək imkanları da məhdudlaşdırılmışdı. Bundan əlavə, polisə məhkəmə qərarı olmadan miqrantları istənilən qanun pozuntusuna görə deportasiya etməyə icazə verilib.
Qanunvericiliyin sərtləşdirilməsi və miqrantlara qarşı mütəmadi reydlər fonunda əsasən Mərkəzi Asiya ölkələrindən olan yüz minlərlə insan Rusiyanı tərk edərək vətənlərinə qayıdıb.
Aprelin 30-na kimi bütün qeyri-qanuni mühacirlər Rusiyadan çıxarılacaq.
Yeni qanunlara əsasən, Rusiyada qeyri-qanuni miqrantlar üçün qondarma “sürgün rejimi” tətbiq edilir. Xüsusi yaradılmış məlumat bazası çərçivəsində onlar mənzil kirayələmək, ailə qurmaq, avtomobil almaq və ya satmaq, övladlarını məktəbə göndərmək, tibbi xidmətlərdən istifadə etmək və bir rayondan digərinə köçmək hüququndan məhrum edilirlər.
2024-cü ilin oktyabrında Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev bildirib ki, ilin əvvəlindən ölkədə qeyri-qanuni miqrantların sayı təxminən 40 faiz artıb və oktyabrın 1-nə onların sayı 740 min nəfər təşkil edib.
2024-cü ilin sentyabrında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəis müavini, general Aleksandr Qorovoy deyib: “Əgər qeyri-qanuni miqrantlardan danışsaq, onların arasında əsasən Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycan vətəndaşları var. Onların ümumi sayı təxminən 739 min nəfər və ya təxminən 9 faizdir”.
Qeyd edək ki, Rusiyada qanunsuz yaşayan Azərbaycan vətəndaşlarının sayı ilə bağlı dəqiq məlumat yoxdur. Ancaq ehtimal edə bilərik ki, söhbət on minlərlə insandan gedir. Və bu şəxslər 2025-ci il aprelin 30-dək Rusiya Federasiyası ərazisində olmalarını qanuniləşdirə bilməsələr, Azərbaycana deportasiya ediləcəklər.
Oğuz