"Qalatasaray" toplantısında İmamoğluya görə gərginlik - "Susdunuz, etibarınızı itirdiniz" + VİDEO

Bu gün “Qalatasaray” klubunun büdcə ilə bağlı toplantısı keçirilib.

Apr 27, 2025 - 14:09
"Qalatasaray" toplantısında İmamoğluya görə gərginlik - "Susdunuz, etibarınızı itirdiniz" + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Haliç Konqres Mərkəzində baş tutan toplantıda Qalatasaray Liseyinin məzunu olan gənc Mehmet Orkun Çiydem də çıxış edib.

O, klub rəhbərliyini 19 martda İstanbul Böyükşəhər Bələdiyyəsinə və bələdiyyə sədri Əkrəm İmamoğluya qarşı keçirilən əməliyyatlara səssiz qalmaqda günahlandırıb:

“Hazırki idarə heyəti 19 martdan etibarən sərgilədiyi yanaşma ilə bizə "Qalatasaray"ın dəyərlərinə hörmət etmədiyini göstərdi və etibarını itirdi. Siz hörmətli idarə heyəti, bizə qəti olaraq göstərdiniz ki, bizim Florya, Kemerburqazdakı ərazilərimizin çıxarışı (kupça) qanunsuz şəkildə ləğv olunsa, səs çıxarmayacaqsınız. O biri gün bizim seçilmiş başqanımız vəzifəsindən kənarlaşdırılıb yerinə qəyyum təyin olunsa, etiraz etməyəcəksiniz”.

Mehmet Orkun Çiydem "Qalatasaray" rəhbərliyini 19 martdan bəri etiraz mitinqlərinə qatıldıqları üçün saxlanılan gənclərin həbsinə səssiz qalmaqda da günahlandırıb:

“İllik büdcə hazırlamısınız və deyirsiniz ki, bu qədər gəlir əldə edəcəyik, bu qədər məhsul satacağıq.İndi sizə sual verirəm, kim alacaq o formaları, kim gələcək təmsil etdiyiniz "Qalatasaray"ın matçlarına? Matça bilet ala bilmək üçün aylarla xərcliyindən, maaşından ayırıb yığan, ancaq ehtiyacları olanda üz çevirdiyiniz gənclərmi gələcək? Bayramı Silivridə (həbsxana- red) keçirən tələbə dostlarımızmı gələcək? Yoxsa konstitusion hüququndan istifadə edərək Osimhen pankartı açan, 30 gündür həbsdə olan, ancaq bizim qurum olaraq adlarını belə çəkmədiyimiz Berke Doğu Türker, Ege Arifoğlumu gələcək? Vicdanınızla necə bir ədalət tərəzisi qurmusunuz onu bilmirəm, amma mənim sizin hazırladığınız büdcəyə də, sizə də inamım qalmayıb”.

M.O.Çiydem Qalatasaray rəhbərliyini istefaya çağırıb:

“Bu saatdan sonra məqbul bir büdcədən danışa bilməyimizin tək yolu, sizin kreslolarınızı tərk etməyinizdir. Haqsızlıq qarşısında susan siz getməlisiniz! Sizin dövrünüz bitməlidir, biz vicdanı hür qalatasaraylılar olaraq bunu təmin edəcəyik. Üz çevirdiyiniz o gənc qardaşlarımıza söz verirəm, o kreslolarda bizə belə utanc hissi yaşatmayacaq şəxslərin oturması üçün əlimdən gələni edəcəyəm”.

Unutmayın ki, "Qalatasaray" padşahların, özünü yenilməz sananların getdiyini görüb və "Qalatasaray"ın dəyərlərinə hörmət edən üzvləri ilə daima var olub və olacaqdır”.

Banu