Qəzza qəzası
Qızmış günəş altında
Yaxın Şərq sülhü üzdən tanımır – heç vaxt görməyib. Burada bütün dövrlərdə baş kəsilib, göz çıxarılıb, qarın yarılıb.
İsrail dövləti yaradılandan indiyədək ətrafındakı müsəlmanlar yəhudiləri boğmağa çalışıblar. Sağ olsun ABŞ ki, pişim-pişimlə İordaniyanı, Səudiyyə Ərəbistanını loyal siyasət yeritməyə sövq edib. İsraillə döyüşlər arasındakı fasilələrdə “ağıllı” müsəlmanlar bir-birinin qanını axıdıblar. Belə ki, İraq İranla 8 il müharibə aparıb, kürd əhalini qismən qırıb, sülhsevər Küveyti zəbt edib...
Açıq-aşkar müharibələr bir yana, hələ terror aktları zamanı nə qədər insan qətlə yetirilib. Kürdlər 30 mindən çox türkü qanına qəltan ediblər. Bu, türkləri də sərtləşdirib. Hələ mən ərəb dünyasındakı daxili çəkişmələri, alınan və alınmayan silahlı dövlət çevrilişlərini demirəm. Dediklərimi isə elə özün də bilirsən. İndi ki bilirsən – söylə: hazırkı – məhz indiki – İsrail-Fələstin qarşıdurmasında günah kimdədir?
Bayaq deyildiyi kimi, müsəlmanlar yəhudilərsiz də bir-birinə qarşı məmnuniyyətlə zor işlədiblər. İsrail dövlətinin yaranması ilə yəhudilərin bölgədə ayrı-ayrı yerlərdə tək-tük yaşamaqları namümkün oldu. Bir neçə qısamüddətli silahlı toqquşma – və İsrailə qarşı kin-küdurət bütün hüdudları aşdı. Allahsız mollalar sadə, yoxsul insanları bomba götürüb yəhudiləri və özünü partlatmağa sövq edirdilər. Bu zaman kim isə düşünürdü: “Sən bir əqidəyə, mərdliyə bax!”.
Düsünmürdü ki, mərd insan öz həyatına xoşluqla qəsd etməz. Mərd heç bir günahsız insanı – cavanı, qocanı, qadını, kişini, körpəni partlatmaz. Bir gün bildim ki, belinə bomba bağlayıb ölümə gedənlər bunu cənnətə düşmək üçün deyil, puldan ötrü edirlər. Terror aktına görə hər “şəhid” o zaman üçün çox böyük məbləğ – 25 min dollar alırdı. Pul onun ailəsinə verilirdi. İsrail hərbçiləri isə terrorçunun kimliyini bilən kimi, onun ailəsinin yaşadığı evi bütün əmlakı ilə birlikdə buldozerin altında əzirdilər. Sözlə bu, belə ifadə olunur: “İndi pulun var – gedib yeni ev tikdir”. Məsələ burasındadır ki, yeni evin bazar qiyməti elə 25 min dollar idi. Bir ev dağıldı, o biri tikildi. Arada kiminsə canı getdi...
Diqqət yetir: İsrail, İran, “Hezbullah” özlərini lap uşaq kimi aparır. “O, birinci başladı, görsün ona nə edəcəyəm”. Əlbəttə, sadə düşüncə sahibi də anlaya bilər ki, keçən əsrin qırxıncı illərində Yaxın Şərqə köçmüş yəhudilərin fitnə-fəsad törətməyə nə hərbi, nə də fiziki halı var idi. 70 illik hoqqabazlıqdan sonra kimin birinci fitnəkarlıq açdığının indi heç əhəmiyyətli də yoxdur. Ərəblər tərəfindən törədilən hər yeni təxribat yəhudilərin növbəti kəskin addımına səbəb olub.
Bu minvalla bufer zonaları yaradılıb, yeni yəhudi məskənləri salınıb. Onlar bəzi BMT qərarlarına uyğun gəlmir. Lakin İsrail həmin addımları atmağa məcbur edilib. Hətta ərəblərin təxribat xarakterli çox sayda əməllərindən sonra da sadəlövh yəhudi qaniçən fələstinlilərin az qala yanında musiqi festivalı keçirirdi. “HƏMAS” bunu bilirdi. İllər boyu hazırlıq gördüyü çirkin soyqırımı həyata keçirdi.
7 oktyabr 2023-cü ildə yüzlərlə, minlərlə əli silahlı vəhşi terrorçu silahsız adamlara hücum edərək, kimini yerindəcə qətlə yetirdi, kimini zorladı, hamını qarət etdi, yaralıları orada qurbanlıq heyvan kimi maçete ilə kəsdi, yüzlərlə insanı qarşısına salaraq köləliyə apardı. Bütün bunları azğın quldurlar videoya çəkərək internetdə yerləsdirdilər. Və bir anda ərəb ölkələri xalqlarının, digər müsəlman tayfalarının qəhrəmanına çevrildilər.
Quldurlar girovları üçün yəqin tarixdə ən yüksək mübadilə dərəcəsi müəyyən etdilər: 1 nəfər yəhudinin əvəzində İsrail həbsxanalarından 5 min cinayətkar ərəb buraxılmalıdır. Dünya bunu yedi! İsrail bəzi şərtləri məcburən qəbul etməklə razılaşdı. Çünki başlıca məqsəd girovları azad etmək idi. “HƏMAS” danışıq prosesini dayandırdı: girovlar alver predmetinə çevrildilər. Anlayırdı: onların hamısının azadlığa buraxılması HƏMASı İsrail ordusunun qarşısında "çılpaq" qoyacaq!
Həmin quldur əməli (onu hərbi əməliyyat adlandırmaq olmaz) illər uzunu hazırlanıb. Altında silah anbarı, sığınacaq olan külli miqdarda sosial xidmət binası tikilib, keçid üçün nəzərdə tutulan tunellər çəkilib. BMT-nin BAPOR humanitar təşkilatına terrorçu agentlər yeridilib. Onların neçəsi musiqi festivalı iştirakçılarına və qonaqlarına bandit hücumunda bilavasitə iştirak edib.
Bu gün hələ də 2023-cü il, oktyabrın 7-sidir. Nə qədər ki, bütün girovlar azad olunmayıblar, İsrailə təhlükəsizlik təminatı verilməyib, 7 Oktyabr bitməyəcək, Yaxın Şərqdə yeni səhər açılmayacaq.
Bunu başa düşmək üçün yəhudi olmaq vacib deyil, adam olmaq lazımdır.
A.ƏZİZ