Ququş Trampa məktub yazdı
İranın əfsanəvi müğənnisi və aktrisası Ququş ABŞ prezidenti Donald Trampa məktub yazıb.
SAVASHMEDİA.az-ın məlumatına görə, sənətçi Birləşmiş Ştatlar liderini İran xalqına dəstək verməyə çağırış edib.
“Mən sizə bir vaxtlar İslam Respublikasına görə səsini itirmiş iranlı bir sənətçi kimi yazıram. Bu gün isə cənab prezident, verdiyiniz vədə əməl etməyiniz üçün Sizə yalvarıram”, - Ququş yazıb.
İran rejiminin bu günlərdə insanları qətlə yetirdiyini, öldürülənlərin sayının 12-20 min arasında olduğu barədə xəbərlərin yayıldığını bildirən sənətçi Trampı “İran xalqının yanında durmağa”, eyni zamanda “Şahzadə Rza Pəhləvi ilə əməkdaşlıq etməyə” çağırıb. Ququş əminliklə bildirib ki, Tramp son 50 ildə İran xalqına dəstək olan ilk ABŞ lideri olacaq.
Məktubunu sosial şəbəkədə paylaşan sənətçi “Bu sətirləri yazarkən prezident Trampa məktubum yoldadır. İran xalqı üçün. Məna və dəyər daşımalı olan vədlər üçün. Səsi divarlardan o tərəfə çatmayanlar üçün” qeydlərini də əlavə edib.