Qurdların böyütdüyü uşağın faciəli sonu - Həqiqi "Mauqli"nin həyat hekayəsi
Rudyard Kiplinqin məşhur əsəri olan və sonradan ekranlaşdırılan "Mauqli" dünyanın ən məşhur hekayələrindən biridir. Lakin az adam bilir ki, bu hekayə real hadisə əsasında qələmə alınıb.
SAVASHMEDİA.az tarixdə "əsl Mauqli" kimi tanınan Dina Saniçarın həyatı ilə bağlı məqaləni təqdim edir. Beləliklə...
"Mauqli" qurd sürüsünün əlindən necə alınıb?
1872-ci ildə Hindistanın Uttar Pradeş bölgəsində ovçular tərəfindən qeyri-adi bir uşaq aşkar edilir. O, qurd sürüsü ilə birlikdə yaşayır, dörd ayağı üzərində gəzir və eynən vəhşi heyvanlar kimi davranırdı.
Ovçular bir müddət uşağı və qurd sürüsünü izlədikdən sonra mağaranın girişində od qalayaraq heyvanları çölə çıxarmağa nail olublar. Daha sonra uşağı sürüdən ayıraraq özləri ilə aparıblar.
"Canavar" uşaq evinə verilir
Təxminən 6-7 yaşlarında olduğu ehtimal edilən uşaq Aqra şəhərindəki uşaq evinə yerləşdirilir. Şənbə günü tapıldığı üçün ona Urdu dilində "şənbə" mənasını verən "Saniçar" adı verilir. Lakin onun insan cəmiyyətinə uyğunlaşması son dərəcə çətin olub. Saniçar ömrünün sonuna qədər danışmağı öyrənə bilməyib, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkib və uzun müddət dörd ayaq üzərində gəzməyə davam edib. O, bişmiş yeməklərdən imtina edir, çiy qida və sümüklərə üstünlük verirdi.
Müəllimlər və baxıcılar ona danışmağı, oxumağı və yazmağı öyrətməyə çalışsalar da, bütün səylər nəticəsiz qalıb. Sonradan iki ayaq üzərində yeriməyi öyrənsə də, paltar geyinməyə heç cür alışa bilməyib.
Alimlərin maraq dairəsində olan fenomen
Saniçar uzun illər psixoloq və antropoloqların araşdırma mövzusu olub. Mütəxəssislər onun hekayəsini insan inkişafında erkən yaşlarda sosial ünsiyyətin nə qədər vacib olduğunun ən məşhur nümunələrindən biri hesab edirlər.
Araşdırmalar göstərir ki, uşaqlıq dövründə insanlarla təmasdan məhrum qalan şəxslərin sonradan dil və sosial bacarıqları tam mənimsəməsi çox çətin olur. Saniçarın həyatı da bu nəzəriyyəni təsdiqləyən ən məşhur hadisələrdən biri sayılır.
Amma siqaret çəkməyi öyrənir
Maraqlıdır ki, Saniçar insan davranışlarının çoxunu mənimsəyə bilməsə də, siqaret çəkmək vərdişini asanlıqla qazanır. Məlumatlara görə, o, ilk cəhddən siqaret çəkməyə başlayıb və bu vərdişindən ömrünün sonuna qədər əl çəkməyib.
Dina Saniçar 1895-ci ildə, cəmi 29 yaşında vərəm xəstəliyindən vəfat edib.
"Canavar uşaqlar" haqqında digər hekayələr
XIX və XX əsrlərdə Hindistanda heyvanlar tərəfindən böyüdüldüyü iddia edilən bir sıra uşaqlar haqqında məlumatlar yayılıb. Onların arasında ən məşhurları Amala və Kamala adlı iki qız olub.
Həmin uşaqları tapan şəxslər onların canavar kimi uladıqlarını, dörd ayaq üzərində hərəkət etdiklərini və əsasən çiy ətlə qidalandıqlarını iddia edirdilər. Lakin müasir alimlər bu hadisələrin bir qisminin şişirdilmiş və ya tam təsdiqlənməmiş hekayələr olduğunu bildirirlər.
Buna baxmayaraq, Dina Saniçarın həyatı bu gün də tarixdə qeydə alınmış ən sirli və ən çox müzakirə olunan "vəhşi uşaq" hadisələrindən biri kimi xatırlanır.
Hazırladı: Aytən