Rumıniyada səslər yenidən sayılacaq – Konstitusiya Məhkəməsi 

Rumıniyanın Konstitusiya Məhkəməsi president seçkilərinin birinci turundakı səslərin yenidən sayılmasına qərar verib.

Nov 29, 2024 - 16:54
Rumıniyada səslər yenidən sayılacaq – Konstitusiya Məhkəməsi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məsələ ondadır ki, birinci turda gözlənilmədən çox tanınmayan müstəqil namizəd Kelin Corcesku qalib gəlib. “TikTok” sosial şəbəkəsi onun qələbəsində çox böyük rol oynayıb və hakimiyyət hesab edir ki, bu, təsadüfi olmayıb. O, Vladimir Putini tərifləməsi və NATO-nu tənqid etməsi ilə tanınır. Bundan başqa, səsverməyə bir həftə qalmış onun reytinqi sorğulara əsasən 10%-dən çox olub və o, namizədlər arasında 6-cı yerdə olub. 

Təhlükəsizliyə cavabdeh qurum olan Ali Müdafiə Şurasının təhlili göstərib ki, bir namizəd “TikTok”da kütləvi şöhrət və preferensial münasibət qazanıb, bu isə Rumıniya qanunvericiliyinin pozulması deməkdir. Birinci turda 3-cü yeri tutan indiki baş nazir Marsel Colaku bir sıra seçki məntəqələrində qanun pozuntularını əsas gətirərək şikayət edib. Bunun nəticəsində Konstitusiya Məhkəməsi ötən bazar günü keçirilmiş seçkilərdəki səslərin yenidən sayılmasına göstəriş verib. 

Prezident seçkilərinin ikinci turu dekabrın 8-də keçirilməlidir. Bu turda namizədlərdən ikisi – Kelin Corcesku və Avropayönümlü Elena Laskoni iştirak etməlidir.  

Xatirə SADİQ