Rus milyarder və arvadı Ərəb Əmirliklərində öldürüldü - TƏFƏRRÜAT
Rus kriptovalyuta milyarderi Roman Novak və həyat yoldaşı Anna Novak Birləşmiş Ərəb Əmirliklərində ölü tapılıblar.
SAVASHMEDİA.az xəbər verir ki, Novak ailəsi 1 ay əvvəl BƏƏ-yə səfər edib.
Cütlüyün sürücüsü onları naməlum investorla görüş üçün Hatta şəhərində gölün kənarındakı dayanacaqda düşürüb. Bundan sonra Novaklardan xəbər ala bilməyib. Roman və Anna həmin müddət ərzində ailələri ilə də əlaqə saxlamayıblar.
BƏƏ polisi cütlüyün axtarışına başlayıb. Bir aylıq axtarışdan sonra Novakların cəsədi BƏƏ-də kirayə götürdükləri villadan tapılıb.
Məlumata görə, qatillər onları öldürdükdən sonra cəsədlərini hissələrə bölərək paketlərdə çantalara yığıblar. Həmin çantalar Hatta şəhərində ticarət mərkəzinin yaxınlığındakı konteynerlərdən tapılıb. Cinayətlə bağlı 8 nəfər saxlanılıb.
Bildirilir ki, onların qətlini 53 yaşlı Konstantin Şaxta, 46 yaşlı Yuri Şaripov və 45 yaşlı Vladimir Dalekin təşkil edib. Qatillərin ikisi Sankt-Peterburqdan, biri isə Qazaxıstanın Temirtau şəhərindən olub. Onlar qətldən sonra geri qayıtdıqları Sankt-Peterburqda saxlanılıblar. Barələrində dekabrın 28-dək həbs qətimkan tədbiri seçilib. Şaxta və Dalekin özlərini təqsirli bilməyiblər, Şaripov isə qismən təqsirli olduğunu etiraf edib.
Roman Novak sürətli kriptovalyuta köçürmə proqramı “Fintopio”nun yaradıcısı kimi tanınır. O, layihə üçün təxminən 500 milyon dollar sərmayə toplayıb, lakin sonra pulla birlikdə yoxa çıxıb. “Fintopio”da çalışan işçilərə maaşlarını ödəməyib. Layihəyə pul qoyan investorlar, o cümlədən Çin və Yaxın Şərqdən olan sahibkarlar pullarını itiriblər.
Novak investorları layihəyə pul qoymağa inandırmaq üçün ərəb şahzadələri və “Telegram”ın qurucusu Pavel Durovla tanış olduğunu bildirib. Durov isə bu iddianı təkzib edib.
Polis onların pul qarşılığında girov götürüldüyündən, lakin kriptovalyuta kisəsinin boş olduğunu gördükdən sonra öldürüldüklərindən şübhələnir.
Banu