Şəbəkə marketləri yerli istehsalı necə stimullaşdırır? – ANALİZ + FOTOLAR

Yerli istehsalın və tədarükçülərin inkişafında şəbəkə marketlərinin rolundan bəhs etməzdən öncə bir sıra anlayışlara aydınlıq gətirilməlidir.

Apr 13, 2025 - 15:09
Apr 13, 2025 - 15:38
Şəbəkə marketləri yerli istehsalı necə stimullaşdırır? – ANALİZ + FOTOLAR

Hazırda pərakəndə satış sektorunda əhəmiyyətli paya malik olan şəbəkə marketləri və ya başqa adı ilə “marketlər zənciri” əhəmiyyətli rol oynayır. Öncə onu aydınlaşdıraq ki…

Şəbəkə marketləri nədir?  

“Şəbəkə marketləri" məfhumu Azərbaycanda son illər meydana gəlmiş yeni termindir. Pərakəndə satış şəbəkələri ölkə daxilində və ya beynəlxalq miqyasda fəaliyyət göstərən bir neçə filialı olan marketlər sistemidir.

Pərakəndə marketlər şəbəkəsi dedikdə, müəyyən bir marka və ya şirkət adı altında fəaliyyət göstərən, bir neçə və ya daha çox sayda filialı olan marketlər zənciri nəzərdə tutulur. Azərbaycanda bu cür şəbəkələr son illərdə sürətlə inkişaf edib. Hazırda onların yerli istehsalın və tədarükçülərin inkişafında rolu danılmazdır.

Şəbəkə marketlərinin üstünlükləri

Pərakəndə marketlər şəbəkəsinin əsas xüsusiyyətləri mərkəzləşdirilmiş idarəetmə xüsusiyyətinə malik olmalarıdır. Belə ki, bütün filiallar eyni şirkət tərəfindən idarə olunur. Qiymət siyasəti, kampaniyalar, məhsul çeşidləri və xidmət standartları ortaq olur ki, bu da alıcıların mütəmadi olaraq endirim və uduş kampaniyalarından eyni şərtlər daxilində yararlanmalarına şərait yaradır.

Şəbəkə marketlərinin önəmli üstünlüklərindən biri isə bazardakı digər rəqiblərinə nisbətən alıcılara daha uyğun qiymətlər təklif edə bilmək imkanlarıdır. Onlar topdansatış nöqtələrindən böyük miqdarda məhsul aldıqları üçün daha münasib qiymətlərlə satış həyata keçirə bilirlər. Bu, şəbəkə marketlərinin dövriyyəsini artırmaqla yanaşı müştərilər üçün də sərfəlidir.

Eyni zamanda, mərkəzləşdirilmiş anbar sistemi, avtomatlaşdırılmış kassalar, onlayn sifariş imkanı (bəzilərində) və sürətli çatdırılma imkanları ilə bu marketlər şəbəkəsi öz cazibədarlığını daha da artırmış olur.

Təkcə məhsul satmır, həm də istehsal prosesində rol alırlar

Pərakəndə satış şəbəkələrinin istehsalda çox önəmli və danılmaz bir rolu var. Sadə dillə desək, marketlər şəbəkəsi təkcə məhsul satan nöqtələr deyil, istehsal prosesinə təsir edən, yön verən, bəzən isə birbaşa istehsalın iştirakçısı olan oyunçulardır.

Tələb və təklifin formalaşdırılması

Pərakəndə marketlər müştərilərin daha çox hansı məhsullara tələbatının olduğunu müəyyənləşdirir və bu məlumatı istehsalçılarla bölüşürlər. Bu, istehsalçılara dəqiq planlama aparmağa, hansı məhsuldan nə qədər istehsal etməli olduqlarını bilməyə, trendlərə uyğun məhsul istehsalına yönlənməyə kömək edir.

Böyük market şəbəkələri bəzən hansısa məhsulu öz adları ilə sifariş edirlər. Yəni məhsul başqa şirkət tərəfindən istehsal olunur, amma marketin adı ilə satılır. Başqa sözlə, həmin məhsulun satışı yalnız bir marketlər şəbəkəsinə məxsus olur. Bu isə bazar rəqabətində həmin marketlər şəbəkəsinə satış üstünlüyü qazandırmaqla yanaşı, həmin mal və ya məhsulu istehsal edən istehsalçı üçün də sabit sifariş deməkdir. Bu həm də yeni iş yerlərinin yaranması və istehsal müəssisələrinin rentabelli fəaliyyətinin qarantı deməkdir.

Keyfiyyətli istehsal üzərində nəzarət imkanı

Marketlər istehsalçılardan yüksək keyfiyyət, qablaşdırma və standartlara uyğunluq tələb edir. Çünki əks halda məhsulun hansı şirkət tərəfindən istehsal olunmasından asılı olmayaraq, ziyan həm də şəbəkə marketlərinə dəyəcək. Axı alıcı istehsalçı ilə yox, marketlərlə birbaşa təmasdadır və bu üzdən də hansısa keyfiyyət uyğunsuzluğu alıcının şəbəkə marketindən narazılığına səbəb olur.

Bu isə marketlər şəbəkəsinin həm də istehsal müəssisələri üzərində bir növ keyfiyyət nəzarəti funksiyasını həyata keçirməsinə səbəb olur.  Belə olduqda isə istehsalçılar daha müasir texnologiyalara keçməyə, sertifikatlar almağa və məhsul keyfiyyətini artırmağa məcbur olurlar. Bu da istehsal sektorunun inkişafına səbəb olur. Böyük şəbəkə marketləri satış statistikasını və tendensiyalarını izləyir və bu məlumatları istehsalçılarla bölüşürlər. Bu, onların daha ağıllı istehsal planlamasına şərait yaradır.

Şəbəkə marketlərinin təchizat zəncirində rolu

Marketlər istehsalçılarla daimi təchizat zənciri qurur. Bu da istehsalçıları daha sürətli məhsul dövriyyəsi, yükləmə-boşaltma sistemləri, soyuducu sistemlər və s. sahələrdə inkişaf etməyə sövq edir.


Bütün bunlar isə belə düşünməyə əsas verir ki, müasir dövrdə pərakəndə satış şəbəkələri artıq təkcə “satış nöqtəsi” deyil. Onlar həm də istehsalçıya bazar haqqında dəyərli informasiyalar ötürür, sabit və etibarlı sifarişçi rolunu oynayır, keyfiyyəti diktə edən tərəf rolunda çıxış edir, yeni məhsulların yaranmasına təsir göstərir.

Zülfiqar Savaş (Hüseynov)

Qeyd: Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.