“Səhliyalı”nın saxta və keyfiyyətsiz mal satdığı aşkarlandı - Cərimə olundu
“Səhliyalı” Kiçik Müəssisəsi saxta və ya keyfiyyətsiz mallar idxal etdiyinə görə cərimələnib.
SAVASHMEDİA.az xəbər verir ki, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 448-ci (Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Səhliyalı” ət, kolbasa və süd məhsullarının istehsalı ilə məşğuldur. Şirkət “Halal nemət, 1000 bərəkət” brendi ilə məhsullar istehsal edir, direktoru Rövşən Səmədovdur.(İqtisadiyyat.az)