Sənsən günahkar
Söhbət cinayət hadisəsi haqqında gedirdi.
Kim isə dedi:
– Eşitdim ki, bir nəfər cavan qızın çantasını əlindən qoparıb, pulunu, qızıl əşyalarını götürüblər...
Sən söhbətə qarışdın:
– Hə, sonra da vəhşicəsinə döyüblər. Qarət etmək bir yana, daha döymək niyə!
– İş bununla bitmir. Sonra zavallını növbə ilə zorlayıblar.
– Zorlayıb və bıçaqlayıblar. Azmış kimi, rəhmətliyin başını kəsib kanala atıblar. Qonşu rayonda balıqçı toruna düşüb. Baş tapılmasaydı bilinməzdi kimliyi. Necə də vəhşidirlər! Heç olmasa bədənin yanında qoyardılar...
Beləliklə, sən cinayətə hiddətlənir, onun hər yeni mərhələsindən narahat olur, amma əvvəlki mərhələsində baş verənlə barışır, onu qəbul edirsən.
Başqa sözlə desək, sən hər dəfə canilərə HALALLIQ verirsən!
Qoy cinayəti iriyə-xırdaya Məcəllə bölsün. Mənəviyyat isə bölünməz, hər hansı pozuntu bağışlanmazdır!
A.ƏZİZ