Şimali Avropa rus təhlükəsinə qarşı birləşir – WSJ

İsveç, Danimarka, Norveç və Finlandiya ABŞ-dən daha az asılı olan yeni regional təhlükəsizlik arxitekturasını formalaşdırmaq üçün addımlar atıb.

Apr 21, 2025 - 13:02
Şimali Avropa rus təhlükəsinə qarşı birləşir – WSJ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb. 

“İstənilən Skandinaviya ölkəsi təkbaşına hərbi cəhətdən Rusiyaya qarşı dura bilməz. Amma birlikdə Şimali Avropa ölkələri təxminən Meksika ilə bərabər və demək olar ki, Rusiya qədər böyük iqtisadiyyata malikdirlər. İsveç və Finlandiya NATO-ya qoşulduqdan sonra onlar öz qüvvələrinin bir hissəsini birləşdirdilər”, - deyə qəzet vurğulayıb.

Məqalədə deyilir ki, İsveç sualtı qayıqlar, döyüş tankları və səsdən sürətli döyüş təyyarələri istehsal edən qabaqcıl müdafiə sənayesi ilə öyünə bilər. Norveç Arktikada dəniz müşahidəsi və döyüş qabiliyyətinə malikdir. Finlandiya Avropada adambaşına düşən ən böyük daimi ordulardan və artilleriya qüvvələrindən birinə, Danimarkanın xüsusi təyinatlı qüvvələri isə Amerikanın müharibələrində döyüşmək üçün Əfqanıstan və İraqın ən təhlükəli bölgələrinə yerləşdirilməkdə onillik təcrübəyə malikdir.

Qəzet qeyd edir ki, Rusiyanı gələcək üçün ciddi təhlükə kimi qəbul etmək bu ölkələri müasir tarixin heç bir dönəmində olmadığı kimi indi daha çox yaxınlaşdırıb. Danimarka kəşfiyyatının son qiymətləndirməsi göstərib ki, Rusiya üç-beş il ərzində bir və ya bir neçə Avropa NATO ölkəsinə qarşı böyük müharibəyə başlaya bilər.

Xatırladaq ki, Skandinaviya ölkələri öz hava qüvvələrini birləşdirərək 2023-cü ildə Şimali Avropa ölkələrinin Hərbi Hava Qüvvələrinin Birgə Komandanlığını yaradıblar. Keçən il onlar Nordic Müdafiə Əməkdaşlığının (Nordefco) bir hissəsi olaraq 2030-cu ilə qədər ümumi müdafiə üçün baxış ortaya qoydular.

Xatirə SADİQ