Şoltsun bəyanatı Rusiya siyasətçilərini qəzəbləndirdi – “Mənəviyyatsızlıqdır”

“Almaniya kansleri Olaf Şoltsun ABŞ-nin Almaniyanı nasizmdən azad etməsi barədə bəyanatı tamamilə eybəcərdir”. 

Jan 30, 2025 - 11:56
Şoltsun bəyanatı Rusiya siyasətçilərini qəzəbləndirdi – “Mənəviyyatsızlıqdır”

SAVASHMEDİA.az xəbər verir ki, bunu “Lenta.ru”-ya müsahibəsində Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

Onun sözlərinə görə, Almaniya yalnız sovet ordusunun hərəkətləri sayəsində təslim olub.

Kosaçev xatırladıb ki, SSRİ-nin nasizm üzərində qələbədə həlledici rolunun sübutu Reyxstaqın divarlarındakı yazılar və onun günbəzində ucaldılmış Sovet bayrağının məşhur fotoşəkilidir.

“Şoltsun bəyanatı müasir siyasi dəbə, daha doğrusu, müasir siyasi konyunkturaya qiymətdir. Onun tarixi reallıqla heç bir əlaqəsi yoxdur və bu, Hitler nasizmini məğlub edənlərə qarşı tamamilə mənəviyyatsızlıqdır”, - deyə o, əlavə edib.

Vitse-spiker qeyd edib ki, qələbə anti-Hitler koalisiyasının səyləri nəticəsində əldə edilsə də, həlledici rolu məhz sovet ordusu və Sovet İttifaqı oynayıb.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts ölkəsini nasizmdən azad etdiyinə və demokratik dövlət kimi qurulmasına kömək etdiyinə görə ABŞ-yə minnətdarlığını bildirib: “Biz çox şadıq ki, Birləşmiş Ştatlar ölkəmizi azad edib və yenidən demokratiyaya çevrilməyimizə kömək edib”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Şolzun fikrini Qərbin tarixi həqiqəti təhrif etmək üçün məqsədyönlü xəttinin bir hissəsi adlandırıb. O, vurğulayıb ki, məhz sovet xalqı dünyanı “qəhvəyi vəbadan” xilas etməklə fədakarlıq göstərib. 

Xatırladaq ki, II Dünya müharibəsindən sonra ABŞ, Britaniya, Fransa, SSRİ qoşunlarının Almaniyaya daxil olması nəticəsində ölkə ərazisində iki respublika – Almaniya Federativ Respublikası (AFR) və Almaniya Demokratik Respublikası (ADR) yaradıldı. 1954-cü ildə ABŞ, İngiltərə və Fransa bir il ərzində Almaniya Federativ Respublikasının işğalına son qoymağa və ölkənin müdafiə sahəsində əməkdaşlıq müqaviləsi olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmağa razılıq verdilər. Elə həmin il sovetlər ADR-i müstəqil dövlət elan etdi. 

12 iyun 1987-ci il tarixində ABŞ prezidenti Ronald Reyqan Berlinin 750 illiyi ilə bağlı Branderburqda çıxışı zamanı Mixail Qorbaçovu Berlin divarının sökülməsinə çağırdı. 

SSRİ-nin süqutu ərəfəsində ADR ilə Qərbi Berlin arasındakı sərhəd istehkamlarının dağıdılması rəsmən 1990-cı ilin yanvarında başladı və Almaniya ərazi bütövlüyünü bərqərar etdi.  

Xatirə SADİQ