Srpska Respublikası prezidentinin həbsi tələb olundu

Bosniya və Herseqovina Prokurorluğu polisdən Srpska Respublikasının prezidenti Milorad Dodik, baş nazir Radovan Viskoviçi və Milli Assambleyanın (Parlament) sədri Nenad Stevandiçi həbs etməyi tələb edib.

Mar 12, 2025 - 13:23
Srpska Respublikası prezidentinin həbsi tələb olundu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Fokus” baş nazirin dəftərxanasına istinadən məlumat yayıb.  

Bu siyasətçilər konstitusiya quruluşuna qəsd etməkdə ittiham olunurlar. 

Nəzarət orqanı həmçinin Srpska Respublikasının Daxili İşlər Nazirliyi və Bosniya Federal Polis Agentliyindən yardım istəyib.

Müstəqil Sosial Demokratlar Alyansının mətbuat katibi Radovan Kovaçeviç prokurorun qərarını şərh edərkən bildirib ki, heç kim Serpska Respublikasının dövlət rəhbərliyini həbs etmək istəmir və həbs edə bilməz. 

“Srpska Respublikası konstitusiya quruluşuna heç bir hücum həyata keçirmir”, - deyə sözçü vurğulayıb. 

Fevralın 26-da məhkəmə Dodiki Konstitusiya Məhkəməsinin, eləcə də Bosniya və Herseqovina üzrə ali nümayəndə Kristian Şmidtin qərarlarına məhəl qoymamaqda təqsirli bilib. O, qiyabi olaraq bir il həbsə məhkum olunub. Bundan başqa, ona altı il müddətində siyasi fəaliyyət göstərmək qadağan edilib. 

Xatirə SADİQ