Çeçenistanda məktəbliləri meyitə baxmağa məcbur ediblər 

Çeçenistanın Açxoy-Martan şəhərində bir gün əvvəl yol polisi postuna basqın etmiş gəncin meyiti mitinq iştirakçılarının qarşısında nümayiş etdirilib. 

Apr 10, 2025 - 16:20
Çeçenistanda məktəbliləri meyitə baxmağa məcbur ediblər 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Kavkaz.Realii” nəşrinə istinadən “Azadlıq Radiosu” məlumat yayıb.

“Kavkazski uzel” yerli məktəblərdəki mənbələrinə istinadən yazır ki, Açxoy-Martan administrasiyasının binası önündə baş tutan mitinqə gəlməyə məcbur edilən büdcə təşkilatları əməkdaşlarının, tələbələrin və məktəblilərin aksiyanın nəyə həsr olunacağından və nə qədər davam edəcəyindən xəbərləri olmayıb. 

Müəllimlər danışıblar ki, şagirdlər meyiti gördükdən sonra şok vəziyyətinə düşüblər, izdihamda olan bir neçə qadın isə huşlarını itirib. 

NIYSO “telegram” kanalı hadisə yerində insanların ağlamasının eşidildiyi videonu paylaşıb. 

Müəllimlərdən birinin sözlərinə görə, administrasiya başçısı Xoza Bursaqov və Açxoy-Martan rayonunun qazısı Əbdürəşid Daduyev toplaşanların qarşısında çıxış ediblər. Onlar Ramzan Kadırovun qətlə yetirilən şəxsin qohumlarının Çeçenistandan çıxarılacağı ilə bağlı sözlərini təkrarlayıblar. Qohumlara cəsədi basdırmağa icazə verilməyəcəyi, dəfn yerinin də onlara açıqlanmayacağı da iddialar arasındadır. 

Çeçenistan hakimiyyəti mitinqi şərh etməyib.

Çeçenistanda hüquq-mühafizə orqanları əməkdaşlarına hücum aprelin 7-də axşam saatlarında baş verib. İki yol polisi əməkdaşı bıçaqlanıb, onlardan biri daha sonra xəstəxanada ölüb. 

NİYSO “telegram” kanalının məlumatına görə, hücum edən şəxs 16 yaşlı (bəzi məlumatlara görə, 17 yaşlı) Xumaşev adlı yeniyetmə yerindəcə öldürülüb. Hadisənin səbəbi məlum deyil. 

Bir gün sonra Çeçenistan rəhbəri Ramzan Kadırov tabeliyində olanlardan Xumaşevin qohumlarını respublikadan çıxarmağı və əmlaklarını “müsadirə etməyi” tələb edib. Hakimiyyət eyni yanaşmanı əli olduğu iddia edilən şəxslərin ailələri – Türkiyədə yaşayan dörd Çeçenistan vətəndaşı ilə də etməyi planlaşdırırlar. Kadırovun sözlərinə görə, onlara Ukrayna vətəndaşı, hansısa Andrey Romanoviç rəhbərlik edib.

NİYSO fəalları bildiriblər ki, söhbət hərəkatın dörd fəalından gedir. Onlar insidentlə bağlı bütün ittihamları rədd edir və hesab edirlər ki, Kadırovun adamları bu hücumdan fəalları təqib etmək üçün bəhanə kimi istifadə ediblər.

Müxalifət həmçinin diqqətə çatdırıb ki, yol polisi postuna hücum edən şəxsin ən azı altı qohumu saxlanılıb və daha sonra Açxoy-Martan Rayon Daxili İşlər İdarəsindən naməlum yerə aparılıb. Bu məlumatın başqa təsdiqi yoxdur.

Xatirə SADİQ