Teleaparıcı beynəlxalq axtarışa verildi – Rusiyada

Hazırda İspaniyada yaşayan rusiyalı teleaparıcı Tatyana Lazareva “terrorçuluğa bəraət qazandırmaq” işi üzrə beynəlxalq axtarışa verilib. 

Oct 11, 2024 - 13:43
Teleaparıcı beynəlxalq axtarışa verildi – Rusiyada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “DW” məlumat yayıb. 

Məlumatda deyilir ki, Rusiya KİV-nin yaydığı məhkəmə sənədlərindən Lazarevanın 2024-cü il iyulun 3-dən axtarışda olduğu məlum olub. Bundan əvvəl xəbər verilmişdi ki, xaricdə yaşayan teleaparıcı iyulun 10-da Moskvanın Zamoskvoretski məhkəməsi tərəfindən qiyabi həbs edilib.

Lazarevaya qarşı cinayət işi Dövlət Dumasının deputatı Andrey Alşevskixin şikayətinə əsasən qaldırılıb. Deputat aparıcının Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiya Federasiyası ərazisindəki hədəflərə hücumu ilə bağlı şərhindən hiddətlənib. Lazareva 2023-cü ilin avqustunda “YouTube” kanallarından birinə verdiyi müsahibədə “Bu, dəhşətdir, amma mən sevinirəm” deyib. 

Tatyana Lazareva Rusiya hakimiyyətini və onların qanunlarını açıq şəkildə tənqid etməsi ilə tanınır. O, hələ Rusiyada yaşayarkən 2014-cü ildə Ukraynanın Krım yarımadasının ölkəsi tərəfindən ilhaqına qarşı çıxış edirdi. O, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunu pisləyib və Kremli tənqid edib.  2022-ci ilin iyulunda Rusiya Ədliyyə Nazirliyi teleaparıcını “xarici agent” elan edib. 2024-cü ilin iyununda “Rosfinmonitorinq” Tatyana Lazarevanı “terrorçular və ekstremistlər” siyahısına daxil etdi.

Xatirə SADİQ