“Tərəfləri təmkinli olmağa çağırırıq” - Britaniya baş naziri
Britaniyanın baş naziri Kir Starmer İsrailin bir sıra İran obyektlərinə zərbələr endirməsindən sonra tərəfləri təmkinli olmağa çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, baş nazir bəyanatını “X” səhifəsində paylaşıb.
O, İrailin zərbələri barədə xəbərin narahatlıq doğurduğunu vurğulayıb.
“Bütün tərəfləri geri addım atmağa və dərhal gərginliyi azaltmağa çağırırıq. Eskalasiya regionda heç kimin maraqlarına uyğun deyil. Yaxın Şərqdə sabitlik prioritet olmalıdır”, - deyə o, “təmkin, sakitlik və diplomatiyaya qayıtmağa” çağırıb.
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə obyektlərinə zərbələr endirib və bunu Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq istəyi ilə izah edib.
ABŞ dövlət katibi Marko Rubio İsrailin İran hədəflərinə zərbələrinin “birtərəfli” olduğunu, hərçənd ölkəsinin hücumun planlaşdırıldığı barədə məlumatı olduğunu vurğulayıb.
Tramp İsrailin İrana zərbə endirmək planlarından əvvəlcədən xəbərdar olduğunu təsdiqləyib və ABŞ-nin regiondakı qüvvələrini müdafiə etməyə və cavab tədbirləri təqdirində İsrailə kömək etməyə hazır olduğunu bildirib.
Xatirə SADİQ