Trampın elçisini Moskvadan qaytaran təyyarə Bakıya niyə enib? - BİLİNDİ
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi, milyarder Stiv Uitkoffun Moskvadan qayıdan təyyarəsi bu səhər Bakı limanına enib.
Belə ki, Uitkoffa məxsus “Gulfstream G650” biznes-jeti Moskvadan havaya qalxdıqdan təxminən iki saat sonra bu səhər Azərbaycan paytaxtında eniş edib.
SAVASHMEDİA.az xəbər verir ki, rəsmi şəkildə təkzib olunmayan bu məlumatı Flightradar24 onlayn xidməti yayıb.
Xatırladaq ki, Stiv Uitkoff bundan əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukrayna nümayəndə heyəti ilə danışıqlarda iştirak edib. Daha sonra o, Rusiya tərəfi ilə atəşkəs şərtlərini müzakirə etmək üçün Moskvaya gedib. Martın 13-ü axşam saatlarında Uitkoffun təyyarəsi Moskvaya enib və sonra onun Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apardığı məlum olub.
Rəsmi mənbələr, o cümlədən amerikalılar Trampın xüsusi nümayəndəsinin təyyarəsinin Moskvadan qayıdarkən Bakıya enməsinin arxasında konkret nəyin dayandığı barədə məlumat verməyib. Ancaq ən çox ehtimal olunan səbəb sanksiyalardır.
Məsələ burasındadır ki, Rusiyanın 2022-ci ildə tətbiq etdiyi cavab sanksiyalarına əsasən, Amerika sərnişin təyyarələrinin Rusiya ərazisində texniki xidmət, yanacaq doldurma və ehtiyat hissələri alması qadağan edilib. ABŞ də Rusiyaya qarşı oxşar məhdudiyyətlər tətbiq edib.
Stiv Uitkoffun təyyarəsinin maksimum uçuş məsafəsi isə təxminən 7500 mildir. Moskva ilə Vaşinqton arasındakı düz xətt (Rusiya hava məkanı vasitəsilə) 7823 kilometrdir. Flightradar24-ün məlumatına görə, təyyarə Ər-Riyaddan Türkiyə, bir sıra Şərqi Avropa ölkələri və Baltikyanı respublikalar üzərindən, yəni daha uzun marşrutla Moskvaya uçub. Bu, Ukrayna pilotsuz təyyarələrinin müntəzəm zərbələri səbəbindən Rusiyanın cənub vilayətlərinin hava məkanının uçuşlar üçün təhlükəli olması ilə izah edilir.
Yanacaq doldurulmadan və uçuşdan əvvəl texniki baxış keçirilmədən Trampın xüsusi nümayəndəsinin təyyarəsi Moskvadan ABŞ-yə birbaşa uça bilməyib. Görünür, onun bu tipli biznes təyyarələrinə xidmət göstərmək üçün ən münasib hava limanının yerləşdiyi Bakıya enməsi də elə bu səbəbdəndir.
Enişdən bir neçə saat sonra təyyarə Bakıdan havaya qalxaraq Türkiyə hava məkanından keçərək ABŞ-yə istiqamət alıb. Məlumata görə, Bakı vaxtı ilə saat 13:20 radələrində Uitkoffun təyyarəsi Türkiyənin Trabzon əyaləti üzərində olub.
Stiv Uitkoffun Azərbaycan paytaxtında olduğu bir neçə saat ərzində Bakıda hər hansı rəsmi təmaslarının olub-olmadığı məlum deyil.
Oğuz