Trampın "yeddi müharibəni dayandırmışam" iddiası təkzib edildi

ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasında çıxışı qeyri-dəqiqlik və şişirtmələrlə dolu olub.

Sep 25, 2025 - 13:42
Trampın "yeddi müharibəni dayandırmışam" iddiası təkzib edildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “DW Fact Check” (Almaniya) yazıb.

“ABŞ lideri çıxışında Asiya, Afrika və Yaxın Şərqdə yeddi münaqişəyə son qoyduğunu iddia edib. Reallıqda onun sadaladığı mübahisələrin bir çoxu həll edilməmiş və ya hələ də qeyri-sabitdir və onun digərlərindəki rolu d şübhəlidir”, - nəşr bildirib.

Donald Tramp qeyd edib ki, Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan arasında yeddi müharibəyə son qoyub.

“Misir və Efiopiya Trampın prezidentliyi dövründə heç vaxt döyüşməyib. Serbiya və Kosovo arasında aktiv münaqişə olmayıb. Trampın 2020-ci illərdə əldə etdiyi razılaşmalar sülhə yox, iqtisadi əlaqələrə aid idi”, - məqalədə vurğulanıb.

Həmçinin qeyd olunub ki, Tramp administrasiyası dövründə əldə edilmiş razılaşmaya baxmayaraq, Konqo Demokratik Respublikasında toqquşmalar davam edir.

Ekspertlər xəbərdarlıq edir ki, İsrail və İran arasında gərginlik hələ də həll olunmamış qalır və yenidən gərginləşə bilər. İsrail və İranın hərbi və təhlükəsizlik rəsmiləri münaqişənin yenidən baş verəcəyi barədə açıq şəkildə xəbərdarlıq ediblər.

“ABŞ prezidenti “yeddi müharibəyə” son qoyması ilə bağlı iddiasını xeyli şişirdir”, - mənbə əlavə edib.

Azərbaycan və Ermənistana gəlincə, mənbə bu barədə qeyd etməsə də, tərəflər 30 illik münaqişədən sonra avqustun 8-də Vaşinqtonda sülh sazişini paraflayıblar. Donald Tramp Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalarda şahid qismində iştirak edib. Yekun sülh sazişinin imzalanması Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasının çıxarılmasından asılıdır. Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiya dəyişikliyinə dair referendumun 2026-cı ildə keçiriləcəyini açıqlayıb.