Türkiyə 15 tankla Yunan Kiprinə girib? - XİN-dən AÇIQLAMA

Kipr tərəfi Türkiyənin hərbi aktivliyinin artdığını iddia edir.

Apr 15, 2026 - 19:59
Apr 15, 2026 - 20:24
Türkiyə 15 tankla Yunan Kiprinə girib? - XİN-dən AÇIQLAMA

Yunan Kiprin Dövlət İnformasiya Agentliyinin yaydığı məlumata görə, BMT sülhməramlılarının nəzarətində olan Pila kəndi yaxınlığındakı bufer zonada gərginlik yüksəlməkdədir. 

Məlumat yayılıb ki, Türkiyə bölgəyə 15 tank yerləşdirib, həmçinin ərazidə mülki geyimli onlarla kiprli türk polisi müşahidə olunur. Eyni zamanda, Şimali Kipr Türk Respublikasının bayrağının yeni bir nöqtədə qaldırıldığı qeyd edilir.

Məlumatda o da vurğulanır ki, neytral zonada xidmət aparan BMT sülhməramlılarının sayı artırılıb. Bundan başqa, Böyük Britaniyanın Dekeliya hərbi bazasından əlavə qüvvələrin gərginlik yaşanan əraziyə göndərildiyi bildirilir.

BMT-nin Kiprdəki sülhməramlı qüvvələrinin (UNFICYP) sözçüsü Alim Siddiq haqqin.az saytına verdiyi  müsahibədə neytral zonanın sərhədlərinin pozulması ilə bağlı məlumatları təkzib edib.

Onun sözlərinə görə, Türkiyə tankları və bayraqları bufer zonasının xaricində, birbaşa Kipr türk icmasının nəzarətində olan ərazidə yerləşir.

ŞKTR Prezidentinin keçmiş müşaviri Gökhan Gülerin sözlərinə görə, münaqişə Çayxana düzənliyi ərazisində Yunanıstan administrasiyasının rəsmiləri altı türk fermerinə məxsus mal-qaranı zorla yoxlamağa cəhd etdikdə başlayıb. 

"Adanın Yunanıstan tərəfində heyvanlar arasında xəstəlik yayılıb. Yunanıstan hakimiyyəti sərhədi keçərək qanunsuz yoxlama aparmağa cəhd edəndə polisimiz bu cəhdin qarşısını alıb. Heç bir toqquşma və ya hərbi əməliyyat baş verməyib", - Güler bildirib. 

Türkiyə Xarici İşlər Nazirliyi isə iddiaları təkzib edib. Nazirlikdən bildirilib ki, sözügedən ərazi Şimali Kipr Türk Respublikasına məxsusdur və yayılan məlumatlar reallığı əks etdirmir.

Ruslan