Ukraynalı hərbçilər şimali koreyalılarla ilk döyüşə girdilər – “Financial Times”

Rusiyanın Kursk bölgəsində Ukrayna döyüşçüləri ilə Şimali Koreya hərbçiləri arasında ilk hərbi toqquşma baş verib.

Nov 5, 2024 - 16:28
Ukraynalı hərbçilər şimali koreyalılarla ilk döyüşə girdilər – “Financial Times”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatiyyatındakı  mənbələrə istinadən “Financial Times” məlumat yayıb. 

Nəşr yazır ki, Ukrayna kəşfiyyatının yüksək rütbəli nümayəndəsi bu hərbi toqquşmanı təsdiqləsə də, konkret məlumat verməkdən imtina edib. 

Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko “Telegram”da bildirib ki, KXDR-in ilk hərbi hissələri artıq Kurskda atəşə tutulub.

Ukraynanın Baş Hərbi Kəşfiyyat İdarəsi həftəsonu bildirib ki, Rusiya Kurskdakı Şimali Koreya qoşunlarını 60 millimetrlik minaatan, pulemyot, snayper tüfəngləri, tank əleyhinə idarə olunan raketlər, çiyindən buraxılan tank əleyhinə raket sistemləri, gecəgörmə cihazları və sair ilə təmin edilib. 

Qeyd edək ki, Qərb kəşfiyyatı Şimali Koreyanın 8 min hərbçisinin ötən ay Kurska yerləşdirildiyi barədə məlumat yaymışdı. 

Xatırladaq ki, bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə Kremldə görüşən Şimali Koreyanın xarici işlər naziri Ço Son-Hui deyib ki, ölkəsi Rusiya prezidenti Vladimir Putinin müdrik rəhbərliyi altında Rusiya ordusu və xalqının öz dövlətlərinin suveren hüquqlarını və təhlükəsizliyini qorumaq uğrunda apardıqları müqəddəs mübarizədə böyük qələbə qazanacağına şübhə etmir.

Putin Şimali Koreya qoşunlarının yerləşdirilməsi məlumatını təsdiqləməyib, lakin bunun KXDR və Rusiya Federasiyası arasında təhlükəsizlik müqaviləsinin müddəalarına uyğun olduğuna eyham vurub.

Xatirə SADİQ