Ultramillətçi namizəd Rumıniyadakı seçkilərdə önə çıxdı
Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda ultramillətçi namizəd Kelin Corcesku önə çıxıb, hazırkı baş nazir Marsel Çolaku isə ikinci yerdədir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rumıniyanın Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.
Maraqlıdır ki, Corcesku bütün proqnozların əksinə olaraq səsvermənin nəticələrinə görə önə çıxıb. Müxtəlif sorğular, xüsusilə də INSCOP şirkətinin apardığı sorğu Rumıniyanın solçu baş naziri Marsel Colaku və müxalifətdə olan ifrat sağçı AUR partiyasının sədri Corce Simionun liderliyini göstərirdi.
Rumıniyanın aparıcı müxalifət partiyası olan Vətəndaşları Xilasetmə İttifaqının (USR) sədri, hazırda ikinci yer uğrunda Colakuya qarşı mübarizə aparan Yelena Laskoni qərbyönlü, Ukraynayönlü liberaldır.
Corcesku və Laskoni ikinci tura çıxsa, seçkilər geosiyasi qarşıdurmaya çevriləcək – rusiyayönlü namizədin rəqibi Rumıniyada bütün seçiciləri birləşdirib qalib gələ bilər.
Beləliklə, 99,65% səs hesablamalarına görə, səsvermənin nəticələri belə görünür:
• Kalin Corcesku 22,86%;
• Marsel Çolaku – 19,22%;
• Yelena Laskoni – 19,13%;
• Corce Simion – 13,87%;
• Nicolae Çuke – 8,81%;
• Mirça Coana – 6,32%;
“Politico” qeyd edir ki, qatı dindar və millətçi olan Corcesku Rumıniyanın idxaldan asılılığını azaltmaq, fermerləri dəstəkləmək və yerli ərzaq və enerji istehsalını artırmaq üçün kampaniya aparırdı.
O, həmçinin Aİ və NATO-nun Rumıniyanın maraqlarını lazımi şəkildə təmsil etmədiyini iddia edib və Rusiyanın Rumıniyanın qonşusu olan Ukraynadakı müharibəsinin Amerika hərbi şirkətləri tərəfindən manipulyasiya edildiyini iddia edib.
Corcesku universitetin az tanınan professoru olaraq seçiciləri ətrafında toplamaq üçün “TikTok”dan istifadə etdi və Rumıniyanın XX əsr faşist legioner hərəkatını dəstəkləyən əvvəlki şərhlərinə görə də sərt tənqidlər doğurdu.
Prezident seçkilərinin ilk turunda 14 nəfərin adı səsverməyə çıxarılsa da, namizədlərdən biri, Rumıniyanın keçmiş baş naziri Lüdovik Orban namizədliyini geri götürmək qərarına gəlib və tərəfdarlarını Laskonini dəstəkləməyə çağırıb.
Xatırladaq ki, prezident seçkilərinin ilk turu noyabrın 24-də baş tutub.
Cümə günü xarici seçki məntəqələrində səsvermə başlayıb. Şənbə gününə olan məlumata görə, 100 mindən çox Rumıniya vətəndaşı səsvermədə iştirak edib.
Xatirə SADİQ