Veysəloğlu şirkətlər qrupunun ofisfləri niyə işıqsız qalıb? - “Azərişıq”dan AÇIQLAMA
Məlumata əsasən, elektrik enerjisinin kəsilməsi Veysəloğlu Şirkətlər Qrupunun və ya onun tabeliyində fəaliyyət göstərən qurumların hər hansı borcu və ya öhdəliyi ilə bağlı deyil
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 15 ünvanında yerləşən Azure Business Centre binasında icarəçi kimi fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupunun baş ofisinin, eləcə də qrupa daxil olan “OBA” marketlər şəbəkəsi, “Araz” supermarketlər şəbəkəsi, “Rossmann” və “Decoliv” mağazalarının idarəetmə ofislərinin elektrik enerjisi kəsilib.
Hadisənin 20 fevral 2026-cı il tarixində saat 13:00-dan etibarən baş verdiyi bildirilir.
Məlumata görə, elektrik enerjisinin dayandırılması binanın mülkiyyətini idarə edən şirkət ilə “Azərişıq” ASC arasında mövcud olan və hazırda məhkəmədə baxılan borc mübahisəsi ilə əlaqələndirilir.
Məlumata əsasən, elektrik enerjisinin kəsilməsi Veysəloğlu Şirkətlər Qrupunun və ya onun tabeliyində fəaliyyət göstərən qurumların hər hansı borcu və ya öhdəliyi ilə bağlı deyil. Buna baxmayaraq, binaya verilən enerjinin tam dayandırılması nəticəsində baş ofisin və şirkətlərin idarəetmə ofislərinin fəaliyyəti ciddi şəkildə pozulub.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən məsələ ilə bağlı SAVASHMEDİA.az-a bildirilib ki, Güvənli Servis (Azur Park) ilə hesablaşmalar 3 (üç) kod üzrə aparılır və həmin kodlar üzrə elektrik enerjisindən istifadəyə görə “Azərişıq” ASC-yə ümumilikdə 441 000 (dörd yüz qırx bir min) manat məbləğində borc mövcuddur:
"Abonentin borcu 193 000 manat təşkil etdiyi mərhələdə məhkəmə qaydasında mübahisələndirilmiş və hazırda məhkəmə prosesi davam edir. Lakin həmin dövrdən etibarən elektrik enerjisinə görə ödənişlərin həyata keçirilməməsi nəticəsində borc məbləği artaraq hal-hazırda 441 000 manata çatmışdır.
Bildiririk ki, Azur Park ərazisində fəaliyyət göstərən Veysəloğlu şirkəti ilə Azərişıq ASC arasında hər hansı alqı-satqı müqaviləsi mövcud deyildir. Elektrik enerjisinin alqı-satqı müqaviləsi “Güvənli Servis Management” MMC ilə bağlanmışdır. Sayğac göstəricilərinə əsasən yaranmış borc məhz həmin hüquqi şəxsə aiddir. Qeyd edək ki, yuxarıda göstərilən borc (441 min azn) sayğac göstəriciləri əsasında yaranmış borcdur".
Oğuz