Yağışlı hava bu tarixə qədər davam edəcək - AÇIQLAMA
Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq, leysan xarakterli, intensiv yağıntıların olacağı ehtimal olunur.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, yağıntılı hava sentyabrın 1-i gündüz saatlarına qədər davam edəcək, bundan sonra isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq:
“Arabir güclənən şimal-qərb küləyi sentyabrın 1-i gündüzdən zəifləyəcək. Havanın maksimal temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də avqustun 31-də və yaxın iki gün ərzində, sentyabrın 1-i və 2-sində yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur”.
G.Məmmədova bildirib ki, gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna olunmur:
“Sentyabrın 2-si axşam saatlarından yağıntılar tədricən kəsiləcək. Havanın maksimal temperaturu aran rayonlarında 25-30, dağlıq ərazilərdə 18-23 dərəcə isti olacaq”.