"Heç bir arvad, uşaq, nənə olmaz, tək gəlsinlər" - Miqrantları Rusiyada nə gözləyir?
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrikinin son açıqlamaları ölkədə və postesovet regionunda geniş müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, o, Rusiyaya gələn miqrantların, xüsusən də Mərkəzi Asiya ölkələrindən gələnlərin bir çoxunun "gələcək cinayətkarlar" olduğunu bildirib və onlara qarşı sərt tədbirlər görülməsini təklif edib.
Bastrikin sözlərinə görə, "bizə gələnlər əvvəlcədən potensial cinayətkarlardır – yəni, bu şəxslər Rusiyaya cinayətkarlıq meyli ilə daxil olurlar".
Xatırladaq ki, Aleksandr Bastrikin Prezident Vladimir Putinin tələbə yoldaşı, yaxın dostu və “sağ əli” hesab olunur. Onun bu fikirləri milyonlarla miqrantı öncədən qınamaq və onlara qarşı qərəzli münasibəti rəsmi səviyyədə ifadə etmək kimi qəbul edilir, həmçinin ksenofobiyanın təzahürüdür.
Bastrikin təkcə miqrantların kriminal meyillərini qabartmaqla kifayətlənməyib, həm də onların Rusiyaya ailə üzvləri ilə gəlməsini qadağan etməyi təklif edib.
O, miqrantların yaşayış xərclərinin tam olaraq işəgötürənlər tərəfindən qarşılanmasını tələb edib: "Kontrakt bir ildən artıq olmamalıdır, müddət bitdikdən sonra miqrant ölkəsinə qayıtmalıdır. Heç bir arvad, ər, nənə, baba, uşaq Rusiyaya gətirilə bilməz. O, buraya işləmək üçün gəlir və bütün xərcləri sahibkar tərəfindən qarşılanmalıdır."
Bastrikinin bu açıqlamaları, yalnız sərt miqrasiya siyasətini təklif etməklə qalmır, həm də dövlət səviyyəsində miqrantlara qarşı qərəzli münasibət və stereotiplərin rəsmi təsdiqi kimi qiymətləndirilir. Minlərlə insanı potensial cinayətkar elan etmək, onların hüquqlarını və ləyaqətini kobud şəkildə pozmaqdır.