Yaponiya Rusiyaya sülh müqaviləsi təklif etdi – “Gəlin, ərazi mübahisəsini həll edək”

“İndiki dövrdə münasibətlərin çətin olmasına baxmayaraq, Yaponiya ərazi məsələsini həll etməyə və Rusiya ilə sülh müqaviləsi bağlamağa çalışacaq”.

Oct 4, 2024 - 14:17
Yaponiya Rusiyaya sülh müqaviləsi təklif etdi – “Gəlin, ərazi mübahisəsini həll edək”

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın yeni baş naziri Şiqeru İşiba parlamentin iclasında çıxışı zamanı bildirib. 

“Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdə olsa da, Yaponiya ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq siyasətinə qətiyyətlə sadiq qalacaq”, - deyə baş nazir əminliklə vurğulayıb.

Eyni zamanda yapon hökumətinin başçısı söz verib ki, ölkəsi Rusiyaya qarşı sanksiyaları təşviq edəcək və Ukraynanı dəstəkləyəcək.

Yaponiyanın yeni baş naziri tərəfdaş ölkələrlə əməkdaşlığı gücləndirmək niyyətinə sadiq qaldığını da açıqlayıb. 

Xatırladaq ki, II Dünya müharibəsi bitdikdən sonra üç Kuril adası – Kunaşir, Şikotan, İturup, eləcə də Habomai silsiləsi SSRİ ilə Yaponiya arasında ərazi mübahisəsinin predmetinə çevrildi. Mübahisəli adalar üzündən Moskva və Tokio indiyədək sülh müqaviləsi bağlamayıb.

1991-ci ildən Rusiya və Yaponiya arasında Kuril adaları ilə əlaqədar vizasız mübadilə haqqında sazişlər bağlansa da, Moskva 2022-ci ilin sentyabrında bu müqavilələri ləğv etdi. Buna səbəb Rusiyanın Ukraynaqa qarşı genişmiqyaslı təcavüzkar müharibəyə başlaması oldu. Tokionun Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə Kreml müqavilələri ləğv etməklə cavab verdi.

2023-cü ilin aprelində Tokio Kuril adalarını “Rusiya tərəfindən qeyri-qanuni işğal olunmuş” ərazi adlandırdı. 

Xatirə SADİQ