Yaxın Şərqdə gərginlik artır - ABŞ vətəndaşlarına SƏRT XƏBƏRDARLIQ!
ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki vəziyyətin pisləşə biləcəyi ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
SAVASHMEDİA.az xəbər verir ki, sözügedən xəbərdarlıq Konsulluq Məsələləri üzrə İdarənin (“TravelGov”) “X” hesabında paylaşılıb.
Qurumun məlumatına görə, regionda davam edən gərginlik fonunda təhlükəsizliklə bağlı risklər hələ də yüksək olaraq qalır. ABŞ rəsmiləri vəziyyətin qəfil dəyişə və yeni eskalasiya baş verə biləcəyini istisna etmirlər.
Bu səbəbdən Yaxın Şərqdə olan ABŞ vətəndaşlarına ayıq-sayıq olmaları və mümkün səyahət məhdudiyyətlərinə hazırlaşmaları tövsiyə edilib. Bildirilib ki, artan gərginlik fonunda bəzi uçuşlar dayandırıla, hava məkanları bağlana və aviareyslərin hərəkətində ciddi dəyişikliklər yarana bilər.
ABŞ vətəndaşlarına həmçinin hava limanlarında və aviaşirkətlərdə yaranan vəziyyətlə bağlı məlumatları daim yoxlamaq, səfər planlarında mümkün dəyişiklikləri nəzərə almaq çağırışı edilib.
Dövlət Departamenti daha bir riskə diqqət çəkib. Məlumata əsasən, İran və onunla əlaqəli qruplar ABŞ-ın Yaxın Şərqdən kənardakı obyektlərini, Amerika şirkətlərini və ABŞ vətəndaşlarının toplaşdığı məkanları da hədəfə ala bilər.
Bu baxımdan Vaşinqton regiondakı vəziyyəti izləyən amerikalılara təhlükəsizlik tədbirlərini gücləndirməyi və rəsmi xəbərdarlıqları nəzərə almağı tövsiyə edib.
Banu