Yeni sədrin Sumqayıt bələdiyyəsindəki sərgüzəştləri - "Sağ əli" ilə bağlı nə planlaşdırıb?
Ötən günlərdə Sumqayıt Bələdiyyəsində müəmmalı sədr dəyişikliyindən sonra sular durulmur.
SAVASHMEDİA.az-ın əldə etdiyi məlumata görə, bələdiyyənin yeni sədri, əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Memarlıq və Tikinti şöbəsinin müdiri işləmiş Adil Xudadatov yeni seçildiyi idarəyə öz adamlarını yerləşdirir.
Xudadatov bələdiyyə kollektivinə təqdim edildiyi gün özü ilə "sağ əli" sayılan Mürvət adlı şəxsi gətirib. Sədrin “sağ əli” gəldiyi ilk günlərdə Sumqayıt Bələdiyyəsinin Memarlıq şöbəsində qabaqkı rəhbərliyin zamanında görülmüş işlərlə tanış olub, bir növ sabiqlərin gördüyü işləri yoxlayıb.
Hətta yeni sədrin birbaşa tapşırığı ilə sədr müavini Nərmin Mehdiyeva Mürvəti bələdiyyə tabeliyindəki Vahid Vergilər Mərkəzi kollektivinə "bölmə rəhbəri" kimi təqdim edib. Belə bir ştat isə faktiki olaraq mövcud deyil. Mürvət isə şöbə müdirinin kreslosunda əyləşməkdən, işləri oradan idarə etməkdən çəkinmir.
Məlumata görə, Adil Xudadatov Mürvətin Vahid Vergilər Mərkəzinə şöbə müdiri təyin olunması ilə bağlı əmr də verib. Bu isə hələ ki gizli saxlanılır.
Əgər bu təyinat gerçəkləşsə, adıçəkilən şöbənin müdiri Samir Babayev ilk vurulmuş şəxslərdən olacaq. Halbuki, Samir Babayev Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun etimad göstərdiyi kadrlardan hesab olunur.
Babayev əvvəllər də Fərəcovla Abşeron rayonu İcra Hakimiyyətində birlikdə çalışıb. Adil Xudadatovun da Zakir Fərəcova yaxınlığını nəzərə alsaq, başçının adamının "vurulması" müəyyən suallar doğurur.
Görünən odur ki, Sumqayıt Bələdiyyəsindəki bu anarxiya bir müddət davam edəcək.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Səlcuq