Zelenski Aİ-ni qətiyyətli olmağa çağırdı - “Nefti 30 dollara salın”
Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqını (Aİ) Rusiyaya qarşı daha qətiyyətli sanksiyalar tətbiq etməyə çağırıb.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu çağırışı Zelenski Odessada keçirilən “Ukrayna-Cənub-Şərqi Avropa” sammitində çıxışı zamanı səsləndirib.
Zelenskinin sözlərinə görə, Rusiyaya qarşı 18-ci sanksiyalar paketi xüsusilə Rusiya neft tankerlərinə və onun maliyyə sektoruna qarşı tədbirlər baxımından daha güclü ola bilər.
“Neftin 45 dollarlıq “tavanı” 60 dollardan daha yaxşıdır. Bu, aydındır, doğrudur. Amma real sülh 30 dollarlıq “tavan”la gələcək. Bu, Moskvada fikirlərin gedişini həqiqətən dəyişəcək səviyyədir”, - deyə Ukrayna lideri vurğulayıb.
Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin layihəsində Rusiya neftinin bir barel üçün qiymətinin yuxarı həddinin 60 dollardan 45 dollara endirilməsi təklifi yer alıb. Ukrayna isə bir barel üçün maksimum qiyməti 30 dollara endirməyə çağırır.
Brüsseldə hesab edirlər ki, ABŞ Rusiya neftinin qiymət “tavanı”nın daha da aşağı salınmasına razı olmasa belə, Aİ bunu təkbaşına həyata keçirə bilər.
Xatirə SADİQ