Zelenski koreyalı əsirlərin dindirilmə görüntülərini yaydı - Nə dedilər? + VİDEO
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətində əsir götürülən Şimali Koreya hərbçilərinin dindirilməsinin ilk videosunu yayımlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə “Facebook”da məlumat paylaşıb.
O, bildirib ki, Şimali Koreyadan əsir düşən ilk əsgərlərdən başqa digərləri də olacaq və bu, zaman məsələsidir. “Dünyada heç kimin şübhəsi olmamalıdır ki, Rusiya ordusu KXDR-in hərbi yardımından asılıdır. Putin üç il əvvəl NATO-ya ultimatumlardan və tarixi yenidən yazmaq cəhdindən başlamışdı, indi isə o, Pxenyanın belə hərbi yardımı olmadan keçinə bilməz”, - deyə Ukrayna prezidenti vurğulayıb.
Zelenski nəzərə çatdırıb ki, əgər Kim Çen Un öz əsgərlərinin Rusiyada əsir saxlanılan ukraynalı hərbçilərlə mübadiləsini təşkil edə bilsə, Kiyev həmin şəxsləri təhvil verməyə hazırdır.
Onun sözlərinə görə, geri qayıtmaq istəməyən Şimali Koreya əsgərləri üçün başqa variantlar ola bilər: “Özəlliklə, bu müharibə haqqında Koreya dilində həqiqətləri yaymaqla sülhü yaxınlaşdırmaq arzusunu ifadə edən koreyalılar bu imkanı əldə edəcəklər”.
Qeyd edək ki, videoda əsirlərdən biri Ukraynaya qarşı döyüşdüyünü bilib-bilmədiyi barədə suala başı ilə “yox” cavabını verib. Tərcüməçinin sözlərinə görə, əsirə, sadəcə, təlimə getdiyini deyiblər.
Koreyalı əsir əvvəlcə Ukraynada qalıb yaşamaq istədiyini desə də, sonra “ona deyildiyi kimi” hərəkət edəcəyini əlavə edib. “Əgər geri qayıtmaq lazımdırsa, geri qayıdacaq. Əgər ona burada qalmaq imkanı verilsə, o, qalacaq”, - deyə tərcüməçi əlavə edib.
KXDR-dən olan digər əsir Şimali Koreyaya qayıtmaq istədiyi barədə suala başı ilə “hə” cavabı verib.
Növbəti çıxışında Zelenski müraciətində bildirib ki, əsirlərdən biri Ukraynada qalmaq, digəri isə KXDR-ə qayıtmaq istəyini bildirib. “Əgər Kim Çen In ümumiyyətlə öz vətəndaşlarını xatırlayırsa və Rusiyada saxlanılan əsgərlərimiz üçün mübadilə təşkil edə bilsə, biz belə əsgərləri təhvil verə bilərik. Şübhəsiz ki, Şimali Koreyadan başqa əsirlər də olacaq”, - deyə Zelenski əminliklə əlavə edib.
Xatırladaq ki, yanvarın 11-də prezident Volodimir Zelenski və Ukrayna Təhlükəsizlik Xidməti bildiriblər ki, ukraynalı hərçilər Rusiyanın Kursk bölgəsində döyüşən Şimali Koreyadan olan iki hərbçini əsir götürüblər.
Xatirə SADİQ