"Zelenski müqaviləni imzalayacaq" – Tramp Makronla görüşdən sonra AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp saziş imzalamaq üçün ukraynalı həmkarı Volodimir Zelenski ilə bu həftə və ya gələn həftə Ağ Evdə görüşməyə hazır olduğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı jurnalistlərə deyib.
“Əslində o, bu həftə və ya gələn həftə müqaviləni imzalamağa (faydalı qazıntılarla bağlı - red.) gələ bilər. Yaxşı olardı. Onunla məmnuniyyətlə görüşərdim. Biz Oval kabinetdə görüşərdik”, - o əlavə edib.
Tramp qeyd edib ki, Kiyev və Vaşinqton nadir torpaq metalları və müxtəlif başqa məsələlər üzrə yekun razılaşmaya çox yaxındır.
“O (Zelenski – red.), mənim başa düşdüyüm kimi, onu imzalamaq üçün gəlmək istəyir və mənim üçün bu, əladır. Düşünürəm ki, sonra onlar bunu Şurada təsdiq etdirməlidirlər, amma əminəm ki, bu baş verəcək”, - Tramp bildirib.
Xatirə SADİQ