Zurabişvili yeni seçki hazırlıqlarına başladı - Şura yaradıldı

Gürcüstan prezidenti Salome Zurabişvili yeni parlament seçkilərinə hazırlıq məsələsi ilə məşğul olacaq yeni şuranın yaradıldığını elan edib. 

Dec 24, 2024 - 15:00
Zurabişvili yeni seçki hazırlıqlarına başladı - Şura yaradıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “News-Georgia” məlumat yayıb.

Prezidentin sözlərinə görə, artıq bununla bağlı yeni sənəd hazırlanır. “Sabah çox güman ki, o hazır olacaq və bu, çox yaxında keçiriləcək seçkilərin keçirilməsi üçün bütün minimum şərtləri təsvir edəcək. Bu yeni seçkilər həqiqətən də yeni olacaq, yəqin ki, yeni qüvvələr meydana çıxacaq. Biz bütün bunlara hazır olmalıyıq”, - Zurabişvili qeyd edib. 

Bu yaxınlarda Zurabişvili mitinqdə hakim partiyaya yeni seçkilərin tarixini təyin etmək üçün 6 gün vaxt verib, lakin “Gürcü arzusu” bu tələbi gülünc adlandıraraq ona məhəl qoymayıb.

“Böhran güclənir və gündən-günə dərinləşir. Bunu hakim partiya ya görmür, ya da  deyərdim ki, gözlərini yumur, görmək istəmir və özünü elə aparır ki, sanki hər şey qaydasındadır. Sanki əsas heç kəsin, hətta özünü qalib hesab edənlərin də  bayram əhval-ruhiyyəsi olmadığı vaxtda şəhəri işıqlandırmaq, ya Milad kəndi qurmaq, ya Milad ağacı ucaltmaq, ya da konsert təşkil etməkdir”, - deyə Zurabişvili bildirib.

O, qeyd edib ki, hakim partiya ölkədəki vəziyyətə nə qədər göz yumsa da, bu reallığı dəyişə bilməz. Reallıq isə hər kəsin qarşısında olan, gördüyü, hiss etdiyi və düzəldilməsi lazım olan böhrandır.

“News-Georgia” nəzərə çatdırıb ki, hazırda Zurabişvilinin dekabrın 29-da – Yeni ilə iki gün qalmış necə hərəkət etməyi planlaşdırdığı hələ də aydın deyil. Həmin günə “Gürcü arzusu” yeni prezidentin inauqurasiyasını təyin edib.

Eyni zamanda, Zurabişvili bu gün bildirib ki, “Gürcü arzusu” ilə dekabrın 29-na qədər yeni parlament seçkiləri ilə bağlı razılıq əldə olunmasa, dekabrın 29-dan sonra  seçkilərə rejimin süqutu ilə nail olacaqlar. 

“O, hansı formada “rejimin süqutunu” nəzərdə tutduğunu açıqlamayıb, lakin prezident vəzifəsindən istefa vermək niyyətində olmadığını təkrarlayıb”, - deyə portal yazıb. 

Xatirə SADİQ