4-ə qədər saya bilir, 17 il kin saxlayırlar - Qarğalar haqda bilmədiklərimiz 

Yeni araşdırmalar göstərir ki, qarğalar 17 ilə qədər onları qəzəbləndirən və ya təhdid edənlərə qarşı kin saxlaya bilirlər.

Nov 2, 2024 - 17:47
4-ə qədər saya bilir, 17 il kin saxlayırlar - Qarğalar haqda bilmədiklərimiz 

Vaşinqton Universitetinin ətraf mühit üzrə alimi Con Marzlaff bunu necə öyrəndiyini izah edib.

Qarğaların quşların ən ağıllı nümayəndələrindən biri olduğu çoxdan məlumdur. İndi məlum olub ki, onlar simaları unutmur və hətta kin saxlamağı bacarırlar.

Con Marzlaffın araşdırmaları 2006-cı ildə başlayıb. Alim qorxulu maska taxıb və torda yeddi qarğa tutub. Onları sağ-salamat buraxmazdan əvvəl o, quşların ayaqlarına tanınma halqaları taxıb.

Marzlaff !New York Times”a deyib ki, sonrakı illərdə o və köməkçiləri Vaşinqton Universitetinin şəhərciyində yerli qarğaları qidalandıranda və onların reaksiyalarını qeyd edərkən vaxtaşırı maska taxacaqlar.

Professor xatırlayır ki, bir dəfə rastlaşdığı 53 qarğadan 47-nin aqressiv rekasiyasına məruz qalıb. O qeyd edib ki, qarğaların sayı ələ keçirilən ilk qrupdan xeyli çox olduğundan, quşlar təhlükə yaradan insanları birtəhər tanımağı valideynlərindən və qohumlarından öyrəniblər.

17 il sonra, 2023-cü ildə davam edən araşdırma çərçivəsində tədqiqat qrupunun üzvləri qarğalara zərər vermədən qidalandırmaq üçün “neytral” maskadan da istifadə ediblər. Qarğalar bu maskanı taxan insanlara o qədər də aqressiv reaksiya verməyiblər.

Təcrübənin başqa bir hissəsində tələbələr Sietl bölgəsində qarğaları tutarkən fərqli maskalardan istifadə ediblər. Daha sonra qarğaların hansını “təhlükəli”, hansını isə “neytral” hesab etdiklərini bilmədən könüllülərdən maska taxmaları istənilib.

"Təhlükəli" maska taxan bir könüllü deyib ki, quşlar çox qışqırıblar və onu görüb əsəbiləşiblər.

Əvvəlki araşdırmalar göstərib ki, qarğaların diqqətəlayiq zəkaları onlara alətlər hazırlamağa və hətta dördə qədər saymağa imkan verir. (lent.az)