ABŞ-də seçki çərşənbəsi - Yumurtadan kim çıxacaq?
Dünyanın gözləri yenə Amerikadadır. Dörd ildən bir ABŞ vətəndaşları dövlət başçısını seçirlər.
Noyabrın ilk çərşənbə axşamı onlar həmçinin senatın tərkibinin üçdə birini, konqresmenləri, xeyli qubernatoru və şəhər merini, digər vəzifəli şəxsləri seçəcək, müxtəlif referendum və sair tədbirlər keçirəcəklər.
Hazırda ABŞ parlamentinin yuxarı palatasında 49 respublikaçı, 47 demokrat və 4 nəfər müstəqil senator var. Sonuncular, adətən, demokratlarla eyni "ünvan"a səs verirlər. Bunun sayəsində demokratlar partiyası palata üzərində nəzarətə malikdir.
Konqresin (parlamentin) Nümayəndələr palatası ölkənin büdcəsi, vergilər sahəsində işləyir, həmçinin prezidentə impiçment elan edilməsində təşəbbüs göstərə bilər. 435 konqresmenin səlahiyyət müddəti 2 ildir. Onlar 50 ştatı, həmçinin Kolumbiya federal dairəsini və dövlətin 5 əlavə ərazisini təmsil edirlər. Kolumbiya dairəsinin konqresdə məşvərətçi səsi var.
İndi senatda səs çoxluğu respublikaçılara məxsusdur - 222. Demokratlardan cəmi 213 nəfər "səsini çıxara bilər". Seçkilərdə Nümayəndələr palatasındakı bütün yerlər uğrunda mübarizə gedir. Qubernator, mer, məhkəmə hakimi, prokuror, şerif və bu kimi yerli kadr seçkiləri əhalidə müvafiq maraq doğurur. Bu maraq ilk növbədə haqq və ədalət prinsipləri ilə bağlıdır. Təəccüblənmə, amma həmin məsələlər Amerikada da aktualdır, gündəlikdə kəskin durub.
Eləcə də, maraq olmasa, referendum keçirilməz. Hazırda ən ciddi mövzu qadınlarda hamiləliyin süni surətdə kəsilməsi - abortdur. 11 ştatda əhali bu məsələyə münasibət bildirəcək.
Danimarka şahzadəsinin təbirincə, Donald Tramp ya Kəmalə Hərris - budur əsas məsələ. Birincisi bir dəfə prezident işləyib. Bərbad halda! Onun xarici dövlət başçılarını qəbul edərkən ayaq üstə saxlaması, yaxud alçaq stulda oturtması, Meksika ilə sərhədə hündür hasar çəkməyə başlaması və axıra çatdırmaması, Çin ilə sanksiya dilində kəskin danışması, Şimali Koreya başçısı Inın qarşısında özünü uşaq kimi aparması, növbəti seçkilərdə rəqibi olacağı güman edilən Baydenin oğluna qarşı kompromat müharibəsində şəxsən iştirak etməsi... 78 yaşlı oğlanın qırmızı qalstukunda qara ləkə çoxdur. Diqqətimizi isə sevimli qalstukunun məhz qırmızılığı cəlb etməlidir. Axı uzun illərdir əvvəl pıçıltı ilə, sonra isə ucadan deyilirdi ki, Rusiya kəşfiyyatı Trampı öz qarmağına keçirib. Sənin barəndə deyilməyib. Mənim barəmdə - yox. Donaldı isə rus öz barmağına do(nald)layıb. FTB komissiyası, xüsusi prokuror bunu təsdiq və ya təkzib edə bilməzdi. Çünki Rusiyanın federal təhlükəsizlik xidməti öz arxivini açan deyildi, ABŞeyə isə rus vassalının dövlət başçısı olması faktını etiraf etmək çox ağır gəlir. Dadananla quduran bir olar. Bu isə artıq tək mənim deyil, papaların kəlməsidir.
Partiya mənsubiyyətindən göründüyü kimi, Kəmalə Hərris demokratiya hərisidir. 4 il əvvəl onu Coya qoşmüşdular ki, qadın cinslilərin və qara dərililərin səsini cəlb etsin. 4 il öz səsi çıxmadı. Amma Bayden özünü fiziki cəhətdən Yeltsin kimi tanıtdıqdan sonra Hərrisin namizədliyi qaçılmaz oldu.
Bu qadının qanında zənci, hindistanlı, hətta gülüş və bir çox başqa şeyin qarışığı var. Əlbəttə, özünü Tramp kimi bədnam etməyib, amma Amerikanın əməkdar artisti Reyqan qədər də tanıtmayıb. Parlaq yox, babat namizəddir. Seçki ilə gedər!
Guya milyardçı Tramp iqtisadiyyatı qaldıra biləcək. Cəfəngiyyatdır! Əvvəla, ABŞ iqtisadiyyatı indi də yüksəkdədir. Onu Ukrayna müharibəsi qaldırır. İkincisi, o dövlətin iqtisadiyyatını bir nəfər deyil, müvafiq maliyyə institutları və həqiqətən azad sahibkarlıq idarə edir. Bu iş qaydasına elə salınmışdır ki, onu heç nənəm də poza bilməz. Halbuki, nənələr çox şeyə qadirdirlər!
Oxucu! Gül 1aZ! Çox ciddi olma. Amerikalılardan ibrət götür. Əgər onlar ciddi olsaydılar, Bayden, Tramp, Obama və bir çox başqası prezident seçilməzdi.
Çeyz Oliver, Cil Stayn... Onlar da prezidentliyə namizəddirlər. Təvəqqe edirəm: seçkilərdə iştirak edəcəksənsə, bu adamlara səs vermə! Heç göz də vurma.
O gün bir rus kanalında yekəqarın öncədəngörən və hərşeyibilən ekspert dedi ki, ağ dərililər Donaldın, qara dərililər isə Kəmalənin tərəfindədirlər. Eləcə də, kişilər Trampı, qadınlar Hərrisi prezident görmək istəyirlər. Mən isə həm ağam, həm kişi, deyirəm, heç kimdən çəkinmirəm: Kəmaləni görmək istəyirəm!
A.ƏZİZ,
respublika demokratı.