ÖPÜŞ yerini dəyişmək olmaz
Uzaq kosmosa göndərilən gəmilərin birində planetimiz haqqında qısa məlumat verilib. Diskdə həmçinin Yerin koordinatları göstərilib.
Doğrudur, NASA sağ olsun, amma kim deyir ki, ünvan dəqiqdir? Ötən həftə “Euronews” xəbər verdi: Fransa kartoqrafları Rumıniya, Ukrayna və Moldova arasındakı ərazinin xəritəsini çəkirlər. Salam-əleyküm! Bu gün, Avropanın az qala orta göbəyində...
Təsəvvür edirəm ki, 10 min ildən sonra başqa dünyanın sakinləri gəlib deyəcəklər: “Göndərdiyiniz ünvan düzgün deyildi, sizi min illərlə axtarmışıq”.
İyirmi il bundan əvvəl iki dəqiqə bekar qalıb düşündüm: “Başqa planetdən gələnlər “Yeri fəlakət gözləyir. 200 nəfər insanı götürüb, xilas edə bilərik. Namizədləri özünüz seçin” desəydilər, Putin siyahıya düşərdimi?”.
İyirmi ildən sonra, o gün yenə bir dəqiqə vaxt tapdım. Dedim, kosmik yoldan keçənlər Yerə mesaj göndərirlər: “Sizə fəlakət üz verib. Putinə və Trampa görə, heç birinizə xilas olmaq imkanı düşmür”.
NATO-nun baş katibi Mark Rütte bildirdi ki, kəşfiyyat məlumatlarına görə, Rusiya kosmosda nüvə silahı yerləşdirməyə hazırlaşır. Deməli, planetimizin sakinlərini oradan da ölüm təhlükəsi gözləyir. Tramp isə “Azadlıq” radiosunun Rusiyaya peyk vasitəsilə kosmosdan translyasiyasını dayandırdı. Axı ölkənin sağlam düşüncəli vətəndaşlarının düzgün məlumatlandırılması, onların həqiqəti bilmələri Putinin hakimiyyətinə ziyandır...
Aleksey Leonov – dünyada açıq kosmosa çıxmış ilk astronavt – istedadlı rəssam, yazıçı, tədqiqatçı mühəndis, maraqlı həmsöhbət idi. Sağ ikən doğma şəhəri Kemerovoda hava limanına onun adı verilmiş, abidəsi də ucaldılmışdı. Sağlığında heykəl qoymaq Rusiyanın ictimai-siyasi həyatında ənənədir. Çarlardan sonra Leninin, Stalinin, Jukovun, Putinin daş heykəlləri canlı vətəndaşın xatirəsindən uca və əziz olub. Stalinin adını Volqa çayı sahilindəki məşhur şəhər də daşıyıb. Donald Trampın adı isə dünyanın 70 ölkəsində ictimai tualetə veriləcək. Axı özü deyir ki, 70 ölkə onun arxasını öpmək istəyir. Güman etmək olar, növbəti dəfə kosmosa informasiya göndərilərkən, İlon Mask Trampın məhz həmin strateji obyektinin şəklini yollayacaq.
Tramp haqqında deməyə bəzən abırlı söz tapmaq çətindir. Buna görə də, onun öz sözlərindən istifadə etmək lazım gəlir.
A.ƏZİZ