“Rusiyanın heç vaxt kiməsə hücum etmək istəyi olmayıb” - Putin

Rusiya prezidenti Vladimir Putin və Slovakiya baş naziri Robert Fitso Ukraynanı “Drujba” neft kəmərinə edilən hücumlara görə qınayıb və Avropa İttifaqı (Aİ) rəhbərliyini tənqid edib.

Sep 2, 2025 - 15:16
“Rusiyanın heç vaxt kiməsə hücum etmək istəyi olmayıb” - Putin

SAVASHMEDİA.az “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, bu, hər iki siyasətçinin Pekində görüşü zamanı baş verib. 

Putin yenə də Rusiyanın istənilən Aİ ölkəsinə hücum ehtimalını inkar edib və belə ehtimaldan danışanları “nağıl və qorxu filmləri üzrə ekspertlər” adlandırıb. 

Kreml rəhbəri iddia edib ki, Rusiyanın “heç vaxt kiməsə hücum etmək istəyi olmayıb, olmayıb və olmayacaq”. 

Putin Ukrayna torpaqlarını işğal etməsini və orada dəhşətli müharibə aparmasını Rusiyanın “öz maraqlarını müdafiə etməsi” adlandırıb. O, qeyd edib ki, Moskva Ukraynanın Aİ-yə qoşulmasına “heç vaxt etiraz etməyib”, lakin onun NATO-ya üzv olmasının qəti əleyhdarıdır. 

Robert Fitso və Vladimir Putin

Putin iddia edib ki, ölkəsi guya uzun müddət Ukraynanın enerji obyektlərinə hücumlarına reaksiya verməyib, lakin indi “cavab verməyə başlayıb”. O, həmçinin Macarıstan və Slovakiya kimi ölkələrə Ukraynaya qaz və neft nəqlini dayandırmağı tövsiyə edib. Kreml liderinin fikrincə, bu, Ukraynanı Rusiyanın enerji infrastrukturuna hücumlardan çəkindirər. 

Kremlin əlaltısına çevrilmiş Slovakiya baş naziri Robert Fitso da bildirib ki, Ukraynanın NATO-ya qoşulmasının əleyhinədir, amma Aİ məsələsini müzakirə etməyə hazırdır. Eyni zamanda o, Aİ-ni quyunun dibində oturan və ətrafındakı dünyanı görməyən qurbağa ilə müqayisə edib.

Fitso nəzərə çatdırıb ki, yaxın günlərdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək və ona “Drujba” neft kəmərinə hücumların qəbuledilməz olduğunu söyləyəcək. 

Alyaskada ABŞ prezidenti Donald Trampla bu yaxınlarda keçirdiyi görüşdən  müsbət danışan Putin qeyd edib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı konsensus tapmaq mümkündür. O, həmçinin bildirib ki, Ukrayna öz təhlükəsizliyini necə təmin edəcəyinə özü qərar verməlidir. Bundan əvvəl Rusiya hakimiyyətinin nümayəndələri bu hüququ şübhə altına alaraq, Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinin qəbuledilməzliyini xüsusilə qeyd etmişdilər. Putinin nə düşündüyü hələ də bəlli deyil. 

Rusiya prezidenti həmçinin qeyd edib ki, “əlverişli şərait yaranarsa” Rusiya, ABŞ və Ukrayna Zaporojye AES-də əməkdaşlıq edə bilər

Slovakiyanın baş naziri İkinci Dünya müharibəsindəki qələbə paradı münasibətilə Pekinə gedən və orada Putinlə görüşən yeganə Aİ lideridir. 

Xatirə SADİQ