“7 ölkə məsələsi şaiyədir” - Zelenskinin ofisi təkzib etdi

Volodimir Zelenskinin ofisi 7 NATO ölkəsinin Ukraynanın bu təşkilata dəvət edilməsinin əleyhinə olduğu barədə məlumatı təkzib edib. 

Oct 24, 2024 - 15:11
“7 ölkə məsələsi şaiyədir” - Zelenskinin ofisi təkzib etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, NATO ölkələrinin əksəriyyəti bu məsələdə fəal dəstək göstərir. 

“KİV-də 7 ölkənin Ukraynanın NATO-ya dəvət olunmasının əleyhinə olduğu barədə verilmiş məlumat həqiqətə uyğun deyil. Bu şaiyələr Ukraynanın dəvətininə Alyans üzvləri arasında geniş dəstəyin olmadığı barədə yanlış təsəvvür yaratmaq istəyənlər üçün əlverişlidir. Əslində, Ukraynanın dəvət edilməsi ideyasını üzv ölkələrin mütləq əksəriyyəti dəstəkləyir və qalanları ilə də bağlı fəal təbliğat işləri aparılır”, - sözçü vurğulayıb.

O, xatırladıb ki, Ukrayna prezidentinin qələbə planının ilk bəndi kimi NATO-ya dəvət ədalətli və davamlı sülhə aparan etibarlı yoldur: “Volodimir Zelenski planı beynəlxalq tərəfdaşlara, Ukrayna parlamentinə, ictimaiyyətinə, media və vətəndaş cəmiyyətinin nümayəndələrinə təqdim edib, bu dəvəti daha da yaxınlaşdırmaq üçün onların səylərini birləşdirir”.

Qeyd edək ki, bu günlərdə “Politico” nəşri iddia edib ki, guya NATO-nun 7 ölkəsi – ABŞ, Almaniya, Macarıstan, Slovakiya, Belçika, Sloveniya və İspaniya Ukraynanın NATO-ya dəvətinin əleyhinədir. 

Xatirə SADİQ