ABŞ-dən Gürcüstan hakimiyyətinə xəbərdarlıq - “Dərhal azad olunsunlar”
ABŞ dövlət katibi Antoni Blinken “Gürcü Arzusu” hakim partiyasının etiraz aksiyalarında iştirak edən gürcülərə qarşı zorakı hərəkətlərini pisləyib.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
Blinkenin bəyanatında xatırladılıb ki, ABŞ 32 ildən artıqdır ki, Gürcüstanın və gürcü xalqının tərəfdaşıdır. “Bizim tərəfdaşlığımız azadlıq və demokratiyaya ortaq öhdəliyə, həmçinin Gürcüstanı Avro-Atlantik ailədə görmək istəyinə əsaslanır. Biz ölkənin iqtisadiyyatını inkişaf etdirmək, təhsil sistemini təkmilləşdirmək, müdafiə qabiliyyətini artırmaq, səhiyyə və kənd təsərrüfatı sahələrində imkanları genişləndirmək üçün Gürcüstan hökumətləri və gürcü xalqı ilə əl-ələ verib işləmişik. Birləşmiş Ştatlar hər zaman Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün möhkəm tərəfdarı olub və bizim cəsarətli gürcü xalqına və onun Avro-Atlantik istəklərinə sadiqliyimiz sarsılmaz olaraq qalır”, - bəyanatda deyilir.
Dövlət katibi Gürcüstan vətəndaşlarına, etirazçılara, media mənsublarına və müxalifətə qarşı həyata keçirilən qəddar və əsassız zorakılığı qətiyyətlə pislədiyini diqqətə çatdırıb.
“Biz “Gürcü Arzusu”nu tənqidçiləri sıxışdırmaq üçün istifadə edilən özbaşına həbs və fiziki zorakılıq da daxil olmaqla repressiv taktikaların tətbiqini dayandırmağa çağırırıq. Bizi xüsusilə hüquq-mühafizə orqanları əməkdaşlarının insanlara ağır xəsarət yetirməsi ilə bağlı xəbərlər narahat edir. Dinc toplaşmaq və ifadə azadlığı hüquqlarından istifadə etdiklərinə görə saxlanılanların hamısı dərhal azad edilməli, qanunsuz güc tətbiqinə görə məsuliyyət daşıyan məmurlar tam məsuliyyətə cəlb edilməlidir”, - deyə o, vurğulayıb.
Antoni Blinken bəyan edib ki, Birləşmiş Ştatlar gürcü xalqı və onun demokratik səyləri ilə həmrəydir. “Gürcüstanda demokratik proseslərə və ya institutlara xələl gətirənlər, o cümlədən Gürcüstan vətəndaşlarının dinc toplaşmaq və ifadə azadlığı hüquqlarını boğanlar məsuliyyətə cəlb olunacaqlar. İkitərəfli əməkdaşlığın daha əvvəl elan edilmiş hərtərəfli nəzərdən keçirilməsini davam etdirməklə yanaşı, ABŞ indi əlavə sanksiyalar da daxil olmaqla, sərəncamında olan bütün vasitələrdən istifadə etməyə hazırlaşır”.
Xatirə SADİQ