ABŞ gürcü rəsmilərinə viza sanksiyası tətbiq etdi

ABŞ hakimiyyəti Gürcüstanda demokratiyanın sarsıdılmasına cavabdehlik daşıyan 20-yə yaxın yüksək vəzifəli məmura viza sanksiyaları tətbiq edib.

Dec 13, 2024 - 11:40
ABŞ gürcü rəsmilərinə viza sanksiyası tətbiq etdi

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında deyilir. 

Bu tədbir Gürcüstan hökumətinin, parlamentininin üzvlərini, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşlarını, eləcə də özəl şəxsləri əhatə edib. 

Metyu Millerin bəyanatında nəzərə çatdırılıb ki, ABŞ “Gürcü Arzusu” partiyasının Gürcüstan vətəndaşlarına, o cümlədən etirazçılara, media mənsublarına, hüquq müdafiəçilərinə və müxalifət xadimlərinə qarşı davam edən qəddar və əsassız zorakılığını qətiyyətlə pisləyir. 

Hakim partiyanın Gürcüstan xalqının böyük əksəriyyətinin can atdığı və Gürcüstan Konstitusiyasında nəzərdə tutulan ölkənin Avroatlantik gələcəyinə arxa çevirdiyi vurğulanıb: “Biz demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən yüksək vəzifəli məmurların viza məhdudiyyətlərinə məruz qalmasını təmin etməyə sadiqik”.

Dövlət Departamentinin sözçüsü bildirib ki, qurum Gürcüstanda demokratiyaya xələl gətirənləri məsuliyyətə cəlb etmək üçün əlavə tədbirlər, o cümlədən sanksiyalar hazırlayır: “Gürcüstan xalqı ilə birlikdə biz Avro-Atlantik birliyə möhkəm inteqrasiya olunmuş güclü, firavan və demokratik Gürcüstanı görməyə çalışırıq. Bugünkü hərəkətlərimiz ABŞ-ın qətiyyətini nümayiş etdirir və “Gürcü Arzusu” ilə əlaqəli 100-dən çox şəxsə və onların ailə üzvlərinə təsir edən daha əvvəl elan edilmiş tədbirləri tamamlayır”.

Xatirə SADİQ