ABŞ-nin axtardığı rusiyalı siyasi texnoloq Tbilisidə imiş
Gürcüstanda parlament seçkiləri günü – oktyabrın 26-da Ukraynanın işğal olunmuş ərazilərində Rusiya təbliğat şəbəkəsinin yaradıcısı Aleksandr Malkeviç Tbilisidə olub.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə məlumatı “Sərhədsiz Reportyorlar” təşkilatına istinadən Gürcüstan KİV-i yayıb.
“Sərhədsiz Reportyorlar” vurğulayıb ki, Rusiya dezinformasiyasının Gürcüstanda yayılmasında bu Kreml retranslyatorunun rolundan narahatdır.
49 yaşlı siyasi texnoloq Aleksandr Malkeviç “Vaqner” qrupunun təsisçisi Yevgeni Priqojin yaxın məsləkdaşı hesab olunur. O, dezinformasiya yaydığına görə Qərbin sanksiyaları altındadır.
KİV iddia edir ki, o, təkcə işğal olunmuş Ukrayna ərazilərində deyil, həm də Afrika ölkələri və ABŞ-də Rusiyanın təsirini təşviq etmək üçün irimiqyaslı media layihələrinin arxasında dayanır. Amerika seçkilərinə müdaxiləyə görə, Vaşinqton onu axtarışda elan edib və onun yeri barədə məlumat verənə 10 milyon dollar mükafat təklif edir.
Xatirə SADİQ