Tramp dövlət katibliyinə namizədin adını açıqladı
Donald Tramp respublikaçı senator Marko Rubionun namizədliyini dövlət katibi vəzifəsinə irəli sürdüyünü elan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
“O, ölkəmizin güclü müdafiəçisi, müttəfiqlərimizin əsl dostu və düşmənlərimizin qarşısından heç vaxt geri çəkilməyən qorxmaz döyüşçü olacaq”, - deyə Tramp bəyanatında bildirib.
“Amerikanın səsi” qeyd edir ki, Rubionun Dövlət Departamentinə rəhbərlik etməyə namizəd göstərilməsi ABŞ müttəfiqləri arasında Tramp administrasiyasının qlobal alyanslarda, o cümlədən NATO-da öz rolunu zəiflədəcəyi ilə narahatlığı azalda bilər.
Marko Rubionun Çinə qarşı sərt xəttin, Kuba kommunist hökumətinin açıq tənqidçisi və İsrailin açıq tərəfdarı kimi tanındığı məlumdur. Kuba mühacirlərinin övladı əvvəllər Amerikanın geosiyasi rəqiblərinə qarşı ABŞ-nin daha qətiyyətli xarici siyasətinin tərəfdarı olub. Amma son dövrdə onun baxışları Trampın “Amerika hər şeydən üstündür” yanaşması ilə daha çox üst-üstə düşür.
Xatirə SADİQ