“ABŞ öncədən xəbərdar etmişdi” – Metyü Miller

Biz açıq şəkildə bildirdik ki, lazım gəldikdə Ukraynaya təqdim etdiyimiz imkanları uyğunlaşdıracağıq və korrektə edəcəyik.

Nov 19, 2024 - 11:11
“ABŞ öncədən xəbərdar etmişdi” – Metyü Miller

“Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməsi ilə bağlı ABŞ siyasətində heç bir dəyişiklik olmayıb, amma əgər yeri gələrsə, Vaşinqton bu siyasətin uyğunlaşmasına və tənzimlənməsinə icazə verir”.

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyü Miller jurnalistlərə deyib. 

Onun sözlərinə görə, hazırda həmin siyasətlə bağlı heç bir yenilik yoxdur. 

“Bildiyiniz kimi, hələ Rusiya genişmiqyaslı işğala başlamazdan əvvəl ABŞ Ukraynaya yardım etmək və Rusiyanı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün 50-dən çox ölkədən ibarət koalisiya yaratdı. Biz açıq şəkildə bildirdik ki, lazım gəldikdə Ukraynaya təqdim etdiyimiz imkanları uyğunlaşdıracağıq və korrektə edəcəyik. Siz bunu son bir neçə il ərzində öz hərəkətlərimizlə təsdiqlədiyimizi gördünüz. Amma hazırda hər hansı siyasət dəyişikliyi ilə bağlı məndə yeni məlumat yoxdur”, - deyə Miller əlavə edib.

Dövlət Departamentinin nümayəndəsi Moskvanın münaqişənin genişlənməsinə gətirib çıxara biləcək hərəkətlərinə diqqət çəkib: 

“Bu münaqişənin gərginləşməsinə baxsanız, görərsiniz ki, onu dönə-dönə qızışdıran Rusiya olub. Buraya Rusiyanın Ukrayna ordusuna qarşı Kursk bölgəsində döyüşən və cəbhə xəttində olan 11 000-dən çox Şimali Koreya əsgərini gətirdiyi son hərəkətlər də daxildir. Bu, Asiyadan hərbçilərin Avropadakı münaqişəyə cəlb edilməsi, Rusiya tərəfindən ciddi eskalasiyadır”.

Miller xatırladıb ki, dövlət katibi Antoni Blinken bununla bağlı öncədən xəbərdarlıq etmişdi: 

“Dövlət katibinin artıq dediyi kimi, bizim buna cavabımız qətiyyətli olacaq və Ukraynanın müttəfiqlərinin cavabı da eyni dərəcədə qətiyyətli olmalıdır. Biz Rusiyanın öz hərəkətlərinə, o cümlədən münaqişəni gərginləşdirməyə görə məsuliyyət daşıması və Şimali Koreyanın gərginləşdirici hərəkətlərinə görə məsuliyyətə cəlb olunması məqsədilə tədbirlər görməyə davam edəcəyik”.

Dövlət Departamentinin sözçüsü Fransa və Britaniyanın ABŞ ilə razılaşdırdıqdan sonra Ukraynaya Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan, o cümlədən “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməsi ilə bağlı xəbərlərin doğruluğunu təsdiqləməyib. “Əgər mən bu xəbərləri Birləşmiş Ştatlar adından təsdiqləməyə hazır deyiləmsə, əlbəttə ki, digər ölkələr adından danışmayacağam”, - deyə o, yekunlaşdırıb.

Xatirə SADİQ