ABŞ və Rusiya nümayəndələri BMT-də söz davasına çıxdılar
ABŞ və Rusiyanın BMT-dəki nümayəndələri Təhlükəsizlik Şurasının iclasında bir-birini terrorizmi dəstəkləməkdə günahlandırıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Suriyada döyüşlərin şiddətlənməsi ilə bağlı çağırılan iclas zamanı ABŞ-nin BMT-dəki nümayəndəsinin müavini Robert Vud Suriyada hərbi əməliyyatların deeskalasiyasına və mülki şəxslərin müdafiəsinə çağırıb. O, həmçinin yaraqlıların hücumuna “Heyət Təhrir əş-Şam”ın (HTŞ) rəhbərlik etməsindən narahatlığını ifadə edib.
Vud məktəblərə və xəstəxanalara edilən hücumlar nəticəsində mülki insanların həlak olmasına görə Suriya prezidenti Bəşər Əsədin və Rusiya qüvvələrini günahlandırıb.
“ABŞ və BMT tərəfindən HTŞ-nin terror təşkilatları siyahısına salınması Əsəd rejimi və onun Rusiya himayədarlarının növbəti vəhşiliklərinə haqq qazandırmır”, - deyə o, vurğulayıb.
Vuda müraciət edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib: “Siz Suriyanın dinc şəhərlərində mülki şəxslərə qarşı törədilmiş açıq-aşkar terror aktını qınamaq üçün cəsarətinizi toplaya bilmədiniz. Vaşinqtonun beynəlxalq terrorizmlə nə vaxtsa səmimi şəkildə mübarizə aparmaq istəyəcəyi ilə bağlı heç bir illüziya yoxdur. Açığını desəm, indi sizin və bizim barrikadaların müxtəlif tərəfində olmağımız bizi sevindirir”.
Vud buna cavab olaraq Nebenzyaya deyib: “Bu mövzuda bizə mühazirə oxumağa haqqınız yoxdur, çünki Moskva dünyada terrorizmi himayə edən rejimləri dəstəkləyir. Birləşmiş Ştatlar onilliklər ərzində terrorizmlə mübarizə aparıb və bunu davam etdirəcək”.
Xatirə SADİQ