“Adlarımızın qabağına kəllə skeleti çəkmişdi, bir dəfə isə atası...” – Sinif yoldaşları DANIŞDI
Kahramanmaraşda məktəbdə qətliam törədən İsa Aras Mersinlinin sinif yoldaşı G.İ. onunla bağlı şok faktları açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, G.İ. İsa Arasın qəribə davranışlar sərgilədiyini, sinifdə özünə dəfələrlə xəsarət yetirdiyini bildirib:
“Gecədən səhərə qədər internetdə savaş oyunları oynadığına görə, dərslərdə adətən yatırdı. Bəzən ingilis dili dərslərində oyanırdı. İngilis dilini mükəmməl bilirdi. Müəllim dərs vaxtı ingiliscə bir sözü unudanda İsa Arasdan soruşurdu. Sinif səssiz olanda ağlamağa başlayırdı. Həmin vaxt sinif rəhbərimiz onu öz otağına aparırdı. Orada onunla danışırdı. İstiqlal Marşını oxuyacağımız gün dərsdə yatmışdı. Sinif yoldaşımız qolundan tutub oyatdı. Marşı oxumağa başladığımız anda özünü yerə atıb ürəyi getmiş kimi etdi, oyandıra bilmədilər. Psixoloji sıxıntıları var idi. Məktəbdə nəyəsə pis olanda qələmlə əlini, qolunu deşirdi. Partası, üst-başı çantası qan olurdu. Bəzən özünü boğurdu. Məsələn, V sinifdə oxuyanda çantasının kəməri ilə özünü boğmuşdu. Qəribə uşaq idi. Dərs boyunca yatırdı. Oyanandan sonra da dəftərinə qəribə simvollar çəkirdi. Sinifdəki oturacaqların sırasını çəkirdi. Sinif yoldaşlarımızın bəzilərinin adının qarşısına rəqəm yazırdı. Mənim adımın qarşısına 5 yazmışdı. Elələri var idi ki, onların adının yanına nida işarəsi qoymuşdu. 20 rəqəmi ilə işarələdiyi uşağın adının yanına kəllə skleti çəkmişdi. Uşaqlardan birinə hücum etməyi planlayıbmış. Şizofren kimi idi. Beynində nələrsə qururdu. Çox qorxaq idi. Sinifdən heç kimlə danışmırdı. İki dostu var idi, onlara məktəbə hücum edəcəyini deyibmiş. Onlar da zarafat etdiyini düşünüblər. Bunu hadisədən sonra bildik”.
Şagird qeyd edib ki, sabiq müdir müavini (Alparslan Yıldırım-red) onun çantasını daimi yoxlayıb:
“İsa Aras çantasının yoxlanılmasından narazı idi. Atası da buna görə müəllimə əsəbiləşib. Deyib ki, müdir müavini oğlumun psixologiyasını pozur. Niyə başqa uşaqların çantasını yoxlamır, ancaq oğlumun çantasına baxır? Yəqin, İsa Aras müəllimdən atasına şikayət edib”.
Xatırladaq ki, aprelin 15-də VIII sinif şagirdi İsa Aras Mersinli oxuduğu Ayser Çalık adına orta məktəbdə silahlı insident törədib. Nəticədə, 8-i şagird, biri müəllim olmaqla 9 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. İsa Aras valideynlərdən birinin ayağına endirdiyi bıçaq zərbəsindən sonra qanaxmadan ölüb. Lakin onu zərərsizləşdirən şəxslərin polisə təhvil verdiklərində sağ olduğunu demələrindən və nəşinin zirehli maşınla aparılmasından sonra İsa Aras Mersinlinin sağ olduğu iddiaları yayılıb. Türkiyə Prezident Administrasiyası isə iddiaları qəti şəkildə təkzib edərək, cinayətkarın öldüyünü və 16 apreldə dəfn olunduğunu açıqlayıb. Hadisə ilə bağlı İsa Aras Mersinlinin atası, polis məmuru Uğur Mersinli saxlanılıb.
Banu