Ağ Ev müşavirindən Tramp komandasına Ukrayna ismarıcı 

Bayden administrasiyası səlahiyyət müddətinin sonuna qədər Ukraynaya yardım üçün ayrılmış vəsaitdən qalan hissənin hər bir dollarını təyinatı üzrə istifadə edəcək. 

Dec 20, 2024 - 13:14
Ağ Ev müşavirindən Tramp komandasına Ukrayna ismarıcı 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə müşaviri Maykl Karpenter “Amerikanın səsi”nin Ukrayna xidmətə müsahibəsində bildirib.

“Sizcə, Ukraynanın qələbəsi hələ də mümkündürmü?” sualına Karpenter belə cavab verib: “Mən buna inanıram. Qələbənin mümkün olduğuna inanıram. Düşünürəm ki, Ukrayna qalib gəlməlidir. Düşünürəm ki, beynəlxalq nizamın, Avropanın təhlükəsizliyinin və azadlıqları uğrunda mübarizə aparan bütün cəsur ukraynalıların rifahı naminə o qalib gəlməlidir”. 

Maykl Karpenter bildirib ki, Ukraynanı güclü mövqedə olması üçün Vaşinqtonun  nə etməli olduğuna belə aydınlıq gətirib: “Cəbhə xəttində vəziyyəti sabitləşdirməkdən ötrü əlavə təhlükəsizlik yardımı göstərmək üçün məqsədyönlü səylər tələb olunacaq. Makromaliyyə yardımı, humanitar dəstək və enerji sektoruna dəstək daxil olmaqla bir sıra digər səylər tələb olunacaq. Amma bu istiqamətdə işlər artıq aparılır. İşləməsinə cəmi bir ay qalmasına baxmayaraq, indiki administrasiya dəstəyi artırmağa və qəpiyinədək hər şeyi göndərməyə davam edəcək. Təhlükəsizlik sahəsində Ukrayna üçün nəzərdə tutlmuş hər dollar bu ilin sonuna kimi xərclənəcək”.

Amerikalı müşavir “Pentaqon bildirib ki, təhlükəsizlik yardımı üçün qalan maliyyənin hər bir dollarını, hər qəpikini istifadə edə bilməyəcək” fikri ilə razılaşmayıb. 

“Onlar bunu edəcəklər. Mütləq. Bu təhlükəsizlik yardımının bir hissəsi müqavilə əsasında təqdim edilir, buna görə də bir hissəsi 2025-ci ilə qədər çatmayacaq. Amma bütün pullar yanvarın 20-nə kimi xərclənəcək”.

“Seçilmiş prezident Tramp və komandası müharibənin 24 saat ərzində bitməsi ehtimalından danışır. Həm də hazırkı administrasiya ilə daimi əlaqə və koordinasiyada olduqlarını deyirlər. İki komanda arasında Ukraynada yalnız hərbi əməliyyatların dayandırılması deyil, ədalətli sülhün bərqərar olmasının zəruriliyi ilə bağlı konsensus varmı?” sualına cavabında Maykl Karpenter deyib ki, tezliklə Ağ Evə gələcək Tramp komandasının adından danışa bilməz. 

“Onların fikrini soruşmalı olacaqsınız. Bircə onu deyə bilərəm ki, danışıqların uğur qazanması üçün müvafiq rıçaqlardan istifadə etmək lazımdır. Və buna görə də Ukrayna danışıqlara güc mövqeyindən yaxınlaşmağı bacarmalıdır. Bu da ilk növbədə Donbasda cəbhə xəttinin aşınmasını dayandırmaq və indiki tendensiyanın əksinə getməsə, ən azı bu xətti sabitləşdirmək deməkdir”.

Amerikalı müşavirin fikrincə, bu, müəyyən vaxt almalıdır. “Bu, 2025-ci ili alacaq və resurslar tələb olunacaq. Ukraynanın bunu etməsi üşün təhlükəsizliyin təmin olunmasında əlavə yardım lazım olacaq. Baxın, rusların indi çox güclü olması fikri, məncə, yanlışdır. Biz bu müharibənin iki il yarımlıq dövründə Rusiya iqtisadiyyatı ilə nələr olduğunu gördük. Rusiyanın itkiləri 600 min nəfərə qədər təşkil etdi”.

Bundan başqa, Maykl Karpenter nəzərə çatdırıb ki, Rusiyada inflyasiya artır. “Faiz dərəcəsi 21% təşkil edir və potensial olaraq daha yüksək ola bilər. Beləliklə, Rusiya yüksəkdə deyil. Amma buna baxmayaraq, biz Ukraynanı resurslarla təmin etməliyik ki, o qalib gələ bilsin. Hansı administrasiyada, hansı ölkədə və ya hansı siyasi partiyaya mənsub olmağınızdan asılı olmayaraq, bu, obyektiv faktdır: Suverenliyini və müstəqilliyini müdafiə edə biləcəyi danışıqları aparmaq məqsədilə Rusiyaya müraciət etməsi üçün Ukrayna resurslarla təmin edilmiş gücə malik olmalıdır”. 

Çin amilinə baxmayaraq, dünyada hər şeyin Ukraynadakı müharibə ilə bağlı olduğunu vurğulayan amerikalı müşavir Tramp komandasına belə ismarıc ünvanlayıb: “Çünki Ukrayna qalan hər şeyin üzərində dayandığı beynəlxalq sistemin fundamental əsasıdır, bu, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığıdır.  Onu Ukraynada qorumasanız, heç yerdə qoruya bilməyəcəksiniz. Hansı komanda ilə, hansı administrasiya ilə, hansı ölkə ilə danışmağımızdan asılı olmayaraq, bu, Ukraynanın mərkəzi əhəmiyyətidir, bu iki ölkənin ərazi uğrunda mübahisə etdiyi hansısa uzaq münaqişə deyil. Söhbət daha böyük məsələdən gedir. Bu, əsas olmalıdır”.

Xatirə SADİQ